Məzlumluq edib başlama fəryadə, əkinçi!
Qoyma özünü tülkülüyə, adə, əkinçi!
Bir üzrlə hər gündə gəlib durma qapımda,
Yalvarma mənə, boynunu kəc burma qapımda,
Gahi başına, gah döşünə vurma qapımda,
Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi!
Lal ol, a balam, başlama fəryadə, əkinçi!
Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum?
Yağmadı yağış, bitmədi bir danə, nə borcum?
Əsdi qara yel çəltiyə, bostanə, nə borcum?
Getdi mənə nə fələliyin badə, əkinçi!
Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!
Aldı dolu əldən sərü samanını, neylim?
Yainki çəyirtkə yedi bostanını, neylim?
Verdin keçən il borcuna yorğanını, neylim?
Ol indi palas satmağa amadə, əkinçi!
Lal ol, a balam, başlama fəryadə, əkinçi!
Söz açma mənə çox çalışıb, az yeməyindən,
Canın bəcəhənnəm ki, ölürsən, deməyindən!
Mən gözləmənəm, buğda çıxar, ver bəbəyindən!
Çəltik də gətir, arpa da, buğda da, əkinçi!
Yoxsa soyaram lap dərini, adə, əkinçi!
Sən hey de “Yoxumdur” – çıxarib canını allam!
Vallahi ovub dideyi-giryanını, allam!
Şallağə tutub pərkəri-üryanını, allam!
Öz halını sal indi özün yadə, əkinçi!
Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!
Cütcü babasan, buğdanı ver, darı yeyərsən,
Su olmasa, qışda əridib qarı yeyərsən,
Daşdan yumuşaq zəhr nədir, marı yeyərsən,
Öyrəşməmisən ət-yağa dünyadə, əkinçi!
Heyvan kimi ömr eyləmisən sadə, əkinçi!
Lakin mənim insanlıq olub vəzi-mədarım,
Bəyzadəyəm, asayişədir cümlə qərarım,
Meysiz, məzəsiz, bitməz olur şamu nəharım;
İştə belədir haləti-bəyzadə, əkinçi!
Bəyzadələrin rəsmi budur, adə, əkinçi!