TANRIM-6sentyabr 1990-
Gün gündən bəd gəlir, il ildən betər,
Zaman hava kimi qarışır, tanrım.
İnsanın dadına nə düzlük yetir,
Nə də halallıqdan kar aşır, tanrım.
Seçilmir iblisdən dünya mələyi,
Əsir, səmtsiz əsir əsrin küləyi.
Zərif ləçəkləri gülün çiçəyin
İnsan alnı kimi qırışır, tanrım.
Ayaqlar düşünür başın yerinə,
Ona sığal dəyir daşın yerinə.
Dərdə bax, qoyulur naşı yerinə
Aqil də bu dərdlə barışır, tanrım.
Kim ki, haqq yolunda yanır şam kimi,
Gözünə qəm çökür bir axşam kimi.
Quzğunlar leş üstə daraşan kimi,
Hamı kürsülərə daraşır, tanrım.
Endir zirvələrdən, endir kütləri,
Sevincdən bolları, qəmdən lütləri,
Uçur heykəlləri, dağıt bütləri
Ucalıq özünə yaraşır, tanrım.
MƏRƏ KAFİR, DAYAN GÖRÜM… -1994
Mərə kafir, dayan görüm,
Səndən qan qoxusu gəlir.
Ağlama, çaş gözlərindən,
Yaş yerinə sel-su gəlir.
Arxalanıb ağ Ayına,
Qane olmadın payına.
Çətin yetişsın hayına,
Əsnəyir, yuxusu gəlir.
Sən bir tülkü, mən qoca şir.
Gör, dığan kimlə öcəşir?
Yəqin qulağı gicişir,
Kəsilmək duyğusu gəlir.
Arxana bax, önunə bax,
Dərinə bax, gönünə bax,
Türk atlanıb gününə bax,
Canının qorxusu gəlir.
Mərə kafir, sağkən başın,
Qaç aradan çıx, ay naşı.
Qirat titrədir dağ-daşı,
Üstə Koroğlusu gəlir.
DÜNYAYA BAXIRAM – 1982
Tarixlə üz-üzə dayanıb bəzən,
Ayları, illəri xəlbirləyirəm.
Əsrlərdən gələn bir anı bəzən,
Şeir misrası tək əzbərləyirəm.
Bir xoş təbəssümdən, bir xoş qılıqdan,
Çəkilir ömrümün qürub sarısı.
Bəzən təmənnalı bir yaxşılıqdan,
Mənə bir pay düşür-ürək ağrısı.
Şahların önümdə əyilir başı,
Qorxudan cəllad da çağıra bilmir.
Bir dəli quyuya atdığı daşı,
İndi yüz ağıllı çıxara bilmir.
Döyüşdə mərdlərin pozulub səfi,
Harda ki, xəyanət durub qəsdinə.
Birinin sarayda çəkdiyi kefin,
Ağrısı bir xalqın düşüb üstünə.
Öz türk soyumuzdan ayırmaq üçün,
Bizə fars-deyiblər ərəb deyiblər.
Haqqı qorumaqçün babalar o gün
Ümid bir sənədir yarəb-deyiblər.
Haqqım var zoruyla öyünənlərin,
Qırıb sümüyünü kül-xınc eyləyim.
Ürəyi qarnında döyünənləri,
Tanrının başına qaxınc eyləyim.
Qəmi puçurlayar hər yaz dərdimin,
İzini qar-yağış itirə bilməz.
Ağzı açılıbdır Araz dərdimin,
Selini dərələr götürə bilməz.
Hər vaxt həqiqətin əlini sıxıb,
Haqqı diləmişəm haqq aşığından.
İndi azadlığın taxtına çıxıb,
Dünyaya baxıram öz işığımdan.
FIRLANIR -21.08.2003.
Dünya tək sərxoşdur könlüm,
Düşübdür dərdə fırlanır.
Bənd almayır göydə, yerdə
Atdığım zər də fırlanır.
Mənəm şadman da, küskün də,
Mənəm zalım da, miskin də.
Dayanmır çiynim üstündə,
Bu baş da, sər də fırlanır.
Öz qəm havası başında,
İslanır gözüm yaşında,
Bəzən dəyirman daşında,
Bəzən də pərdə fırlanır.
Dərs alıb haqq aşığından,
Qəmi olub aşığından.
Şərab tək gün işığından
İçəli yer də fırlanır.
Fırlanır günün başına,
Baxmır doluma, boşuma,
Yerlə birgə öz xoşuna
Külli-bəşər də fırlanır.
Məni Unut Dedin
Məni unut dedin, xətrimə dəydin
Sən deyə bilərsən, sənə nə var ki…
Dağlar görünərdi çən gəlməsəydi,
Bir də görünməsin, çənə nə var ki…
Lap ürəkdən dedin necə yol azı
Duymadın könlümdə qəm zilə çıxıb.
Yoxsa düşünürdün eşqim yol azıb-
Gəlib sən yaşayan mənzilə çıxıb.
Əgər bacarsaydım, zəlzələ olub
Sən adlı dünyamı alt-üst edərdim.
Hicran uçurumdan yana burulub,
Bir sakit cığırla çıxıb gedərdim.
Bir dəli həsrətin titrək səsindən
Bulud tək dolsam da yağa bilmirəm.
Sənin gözlərinin cazibəsindən,
Mən ha əlləşirəm, çıxa bilmirəm