11951080_1456899864619344_1341766859_n

Unut məni 1970

Bu qala öz əllərinlə
Uçuldu, qurulmaz oldu.
Bu çeşmə elə bulandı
Bir daha durulmaz oldu.
Unut məni , unut, gülüm.
Bahar gözündə qəm gördüm,
Bir dərdimi yüz elədin.
Gen gəzdim, qəlbin ağrıdı,
Yaxın gəldim söz elədin
Unut məni , unut, gülüm.
Bir ilahi duyğu kimi
Qəlbinə dola bilmədim
Eşqim sənin idi, ancaq
Mən sənin ola bilmədim.
Unut məni , unut, gülüm.

Türk oğlu – 1991

Yatanlar çoxdan ayılıb,
Oyan , türk oğlu, türk oğlu.
Bu yatışnan qarışmırmı,
Röyan, türk oğlu, türk oğlu.

Tarix-qədim, tarix-yeni.
Kim istər qınasın məni.
Gücü yoxsa, yox kimsəni
Sayan, türk oğlu, türk oğlu.

Tapın, tapın inamına,
Od sal düşmənin canına.
Ya azad ol, ya qanına
Boyan, türk oğlu, türk oğlu.

Oyat nərəni yaddaşda,
Qoy səslənsin dağda, daşda.
Ulu boz qurd kimi başda
Dayan, türk oğlu, türk oğlu.

ƏYİLMƏZ BAŞINI UCA TUT VƏTƏN-1990

Ağlama yaraşmır sənə göz yaşı,
Qurut gözləriyin yaşını, vətən.
Axı qalda gərək igidin başı,
Uca tut əyilməz başını, vətən.

Yamanca ağırmış Vətən, daşımız,
Onu qaldırmağa “dostlar” can çəkir.
Yox, daha oyanıb qan yaddaşımız,
Bizi azadlığa daha qan çəkir.

Zaman dost-düşməni bir-bir tanıdır,
Ölməyir Əsliyçün Kərəmlərimiz.
Sinəmiz Şəhidlər Xiyabanıdır,
Orda dəfn etmişik ərənləri biz.

Yolları uzundur özünü dərkin.
O yol igidlərin qanından keçir.
Sənin oğulların, Vətən, sevin ki,
Döyüşdə səndən yox, canından keçir.

Kökünün qədrini biləni varsa,
Nəsillər sabaha ümid daşıyır.
Azadlıq uğrunda öləni varsa
O xalqın yaşamaq haqqı yaşayır.

Qələbəyə saxla göz yaşlarını,
Azadlıq boylanmır sənə yad kimi.
O gün şəhidlər də baş daşlarını.
Düşmənə sıxacaq avtomat kimi.

Əyilməz başını uca tut ,Vətən
Azadlıq arzulu igidlərinlə.
Ömrü yaz ömrü tək qərənfilləşən,
Məzarı – and yeri şəhidlərinlə.

Bura Qazaxdır, Oğlum 1997

Gözünü aç bu elə, bu obaya yaxşı bax!
Damcılısında durul, Dəli Kürə qarış, ax!
Ərlər , ərənlər yurdu olub bu ulu torpaq!
Hər kaha, hər mağara sirli Azıxdıdır, oğlum,
Bura Qazaxdır, oğlum!

Burda Kür qırağının əcəbir seyranhgahı,
Sahilində mat qoyub müdriklər Nadir şahı.
Əliağa Şıxlıniski-dünyanın top allahı
Düşmənin başı üstə şimşək tək çaxdı, oğlum,
Bura Qazaxdır, oğlum!

Burdan qalxıb zirvəyə Vaqifin arzuları,
Vidadinin yanğısı dağda əridib qarı.
Osman Sarıvəllinin bənövşə misraları
Günəşdən nur içibdir burda yaz vaxtı, oğlum,
Bura Qazaxdır, oğlum!

İldırımlar Mehdinin kəsərinə oxşayır,
Burda Səməd Vurğunun ölməz ruhu yaşayır.
Misraları zülmətə gün işığı daşıyır ,
Lalə tək çəmənlərdə ocaq-ocaqdır, oğlum,
Bura Qazaxdır, oğlum!

Qalxıb Avey dagindan boylan Qarayazıya,
Bir ağ şırım çəkilər o dəm qara yazıya,
Bircə anda sinəmə yağan qar ayazıyar,
Elə ki,köynəyindən telli saz çıxdı, oğlum,
Bura Qazaxdır,oğlum!

Əyil torpağından öp ata yurdun Şıxlının,
Arzusu müqəddəsin, ürəyi işıqlının.
Əsrin vüqar heykəli,bax, İsmayıl Şıxlının
Mərdlik üstə qurulub kişilik taxtı,oğlum,
Bura Qazaxdır,oğlum!

İgidlərin köksüylə qorunur bənd, bərəsi,
Koroğlunu andırır hər oğlunun nərəsi.
Düşmənlərə məzardır qədim İncə dərəsi,
Dostlarınsa yolunda bir şam çıraqdı, oğlum,
Bura Qazaxdır,oğlum!

Əskipara dağları dağ oldu sinəsində,
Ancaq qaçqın düşmədi əsrin kəshəkəsində.
Şəhidlərə yas tutdu bülbüllərin səsində,
Zamanın qarşısında bil, üzü ağdır, oğlum,
Bura Qazaxdır,oğlum!

Bu ağ saçlı tarixin yaşdaşıdır Göyəzən,
Bu dağlar dünyasının qaş-daşıdır Göyəzən,
Şəhid məzarlarına başdaşıdır Göyəzən,
Bu torpağı duymayan kordur, yazıqdır, oğlum
Bura Qazaxdır,oğlum!

Bu yurdu qarış-qarış yaxşı gəz, yaxşı tanı,
Torpaq üstə gəzəni, torpaq altda yatanı.
Bu torpaq ürək verdi, şair etdi atanı,
Gülümsədi üzünə ömrün yaz baxtı,
Bura Qazaxdır,oğlum!
Bura Qazaxdır,oğlum!

YIXILMAZ DEYİRDİN…

Yıxılmaz deyirdin, haqqın
Yerdədir kürəyi daha.
Cidarlanıb, qaça bilmir
Arzunun yüyrəyi daha.

Yalanmış vədlər, vədələr.
Verdi, unutdu gədələr.
Əvəz eyləyir mədələr
Deyəsən ürəyi daha.

Bu yol gedir hara, bilmir.
Dözümü dağ yara bilmir,
Daşdan da çıxara, bilmir,
Adamlar çörəyi daha.