Hələ də məndəsən
Hələ də məndəsən,hələ də məndə,
Zaman aciz qalıb bu dərd önündə
Sən mənə İlahsan,mən sənə bəndə,
Hələ də çaşqınam qəm düyünündə
Hələ də gözündən qalxıram göyə,
Yer mənim üzümə həsrət qalıbdır
Hələ də dərdimi deyirəm neyə,
Hələ də ulduzlar seyrə dalıbdır
Bahar elcisidir bu soyuq boran,
Ona hicran demək məni qəhr edir
Hələ də cənnətə,Haqqa aparan
Günahım günaha calanıb gedir
İndi nə ölüyəm,nə diriyəm mən,
Bəşər olmağıma varımdı şübhəm,
Almağa şığıyır məni əlimdən
Hələ də müəmma,hələ də mübhəm
Hopmusan ruhuma elə o gündən,
Varlığın cənnətin nurundan baha,
Geriyə almaqçün özünü məndən,
Məsləhət görürəm qayıtma daha
27 iyul 2015-ci il(miladi) bazar,saat 23:59
Şəbəkə
(ANS televiziyasında hər bazar efirə gedən,mənim də fikirlərimi arada işıqlandıran “Şəbəkə” verilişi üçün)
Yolu nurlu,özü haq,
Məramı,niyyəti pak.
Doğruya olmuş dayaq,
Ürəkdir “şəbəkə”miz.
Hərarətli,buzludur,
Aylıdır,ulduzludur.
Məzəlidir,duzludur,
Gərəkdir “şəbəkə”miz.
Sözündə yoxdur yalan,
Olmuş zirvədə qalan.
Evlərə qonaq olan,
Mələkdir “şəbəkə”miz.
Tamaşaçısı ordu,
Daim qırır rekordu.
Ekranımızda nurdu,
Dirəkdir “şəbəkə”miz.
Sevincimizə hayan,
Ondan deyilik doyan.
Yüz yaşasın,sınmayan,
Biləkdir,”şəbəkə”miz.
20 oktyabr,2015-ci il,2-ci gün,saat 14:13
* * *
Taleyim dönük imiş,
Səfam da olmadın sən…
Sarı simdə inləmiş
“Nəva”m da olmadın sən…
Dua etdim Allaha,
Yoxdur ümidim daha.
Səfadan min qat baha
Cəfam da olmadın sən…
Kəlmələrin qubarım,
Bağım,bəhərim,barım.
İnamım,etibarım,
Vəfam da olmadın sən…
İnan,səndə izim var,
Bükülməyən dizim var.
Müqəddəs mərəzim var,
Dəvam da olmadın sən…
Həsrət dolu bəstəyəm,
Haqdan gələn səsdəyəm.
Ruhu şəhid,xəstəyəm,
Şəfam da olmadın sən…
21 oktyabr 2015-ci il
Haqqın yalan kölgəsinə
(“Zerif beytlerimiz” almanaxında çap olunub)
Cəllad üçün qılınc həyat,şair üçün qələm nəfəs,
Bağban üçün bağ dünyadır,səyyah üçün dünya qəfəs.
Yaradanın hikmətini bəşər beyni dərk eyləməz,
İnsanlığın bildiyi yox,bilmədiyi sirdir həyat
Hər varlığın təməl daşı,azuqəsi,əyni yerdir,
Kim bilir ki,bəlkə sonsuz səmaların beyni yerdir.
Zərrənin də,zirvənin də ilk ünvanı eyni yerdir,
Milyonlara,milyardlara parçalanmış birdir həyat
Gözlərimlə bu dünyanın arasında nəm çəpərdir,
Qəm ümiddir,qəm gümandır,qəm sipərdir,qəm təpərdir.
Sanki böyük xilqətinin varlığından bixəbərdir,
Başdan qoyun,amma candan yırtıcı bir şirdir həyat
Aldanırıq fəlsəfənin “amma”sına,”bəlkə”sinə,
Ha yürüdük çatammadıq saf gerçəklər bölgəsinə.
Biz nahaqdan haq deyirik Haqqın yalan kölgəsinə,
Doğru məğzi Haq yanında saxlanılan yerdir həyat