1533150_672733326111760_899121006_n

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

PAYIZ LÖVHƏLƏRI

(ixtisarla)

Yağış yağır, damcı-damcı,
Ürəklərə qəm ələnir, acı-acı…
Amma, mənə elə gəlir,
Bu yağan heç yağış deyil.
Səma adlı bir gözəlin
O mənalı gözlərindən axan yaşdı,
Itirdiyi gəncliyinə saxladığı
Qara yasdı…
Görən hara getdi günəş?!
Kimdən küsüb itdi günəş?
Görən nə vaxt qayıdacaq səmasına?
Nə vaxt qovuşacaq səma,
Günəş adlı isti, qaynar, həzin
Sevgi dünyasına?!..

* * *

…Səni məni gətirən,
O yollara dil açdım,
Məni sənə yetirən,
Allahıma əl açdım,
…Indi gecə yarıdı,
Yəqin ki, yuxudasan.
Bənzəyirsən səmada,
Mürgü vuran aya sən,
Məni hardan duyasan?!

* * *

…Heç kimsənin yurduna,
Toyuğuna “kiş” demədik,
Gözünə “şiş” demədik.
ŞUŞA dağlarındakı,
Nəğmələrin sədası,
Uçan quşlarda qaldı!
İsti sobalarının,
Dərdi qışlarda qaldı!!
Kəkliyinin xınası,
Çınqıl daşlarda qaldı!
Çox ağladıq-sızladıq,
Gözümüzün işığı,
Axan yaşlarda qaldı!!

ARADA BİR ZƏNG ELƏ…

Arada bir zəng elə,
De ki, səni sevirəm.
De ki, sənin ətrini,
Güldən ala bilmirəm,
De ki,ay mənim ömrüm,
Sənsiz qala bilmirəm.
De ki, sənin həsrətin,
Məni buza döndərir,
Şirin-şəkər söhbətin,
Ömrü yaza döndərir.
De ki, sənin gülüşün,
Gül-çiçəkli bahardı,
De ki, sənin öpüşün,
Təzətərdi, nübardı!
De ki, o cazibəndən,
Mən ölmüş hara qaçım?!
Kimə deyim bu dərdi,
Hansı qapını açım?!.
…Arada bir zəng elə,
De ki, səni sevirəm,
De ki, sənin ətrini,
Güldən ala bilmirəm,
Sənsiz qala bilmirəm!!

14.01. 2005

* * *

….Eşit, çarəsiz qadın,
Onsuz da sən anasan,
Ucadır sənin adın…
Allah açsın yolunu,
Var etsin əl-qolunu.
Onsuz da bu dünyada
Kimsə bilmir sonunu.
İnsanlıq da dəyişib,
Geyib vəhşət donunu.
Kimsə bilsə sonunu,
Gözü qan-yaş ağlayar,
Ürəyi kösövləyər,
Yara qaysaq bağlayar.
Eşit, çarəsiz qadın!
Həyat özü onsuz da
Boşalıb-dolan deyil.
Vəhşət içində dünya,
Belə də qalan deyil….