Heydər Əliyev adına Respublika Sarayında görkəmli xalq şairimiz Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyi ilə bağlı yubiley tədbiri keçirildi.
Mərasimi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq, dünya şöhrətli xalq şairinin yubiley tədbirinin pespublika prezidentinin sərəncamına əsasən, ilin əvvəlindən başlayaraq, bugünə kimi davam etdiyini diqqətə çatdırdı. Hələ ilin sonunadək davam edəcək bu qəbildən olan tədbirləri böyük filosof şairin, görkəmli dramaturq və dəyərli elm xadiminin xatirəsinə ehtiram əlaməti kimi səciyyələndirdi: “Bəxtiyar Vahabzadə təkcə ölkəmizdə və Türk dünyasında deyil, bütün dünyada sevilir, təqdir olunur…”
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də çıxışında “istiqlal şairi” adlandırdığı Bəxtiyar Vahabzadənin Azərbaycan elm və ədəbiyyatındakı, milli azadlıq hərəkatındakı müstəsna yer və xidmətindən qürurla söhbət açdı.
Yubiley mərasimində unudulmaz xalq şairinin həyat və fəaliyyəti barədə məlumatlar, qəlblərə hakim kəsilmiş poeziya nümunələri bədii qiraət ustalarının ifasında səsləndirildi, sözlərinə yazılmış bir-birindən gözəl, sevilən mahnılarını tanınmış müğənnilər tədbir iştirakçılarına canlı ifaları ilə təqdim etdilər. Azərbaycan səhnəsində silinməz iz buraxmış dəyərli dram əsərlərindən parçalar Akademik Milli Dram Teatrı aktyorlarının ifasında nümayiş etdirildi.
Şairin öz dilində lentə alınmış şeirlər əsasında hazırlanan video-çarx tamaşaçıları yenidən Bəxtiyarlı günlərə qaytardı.
Sarayın foyesində şairin indiyədək işıq üzü görmüş kitablarından ibarət geniş sərgi təşkil edilmişdi.
Qiymət Məhərrəmli,
“Elimiz.Günümüz” qəzetinin təsisçisi və baş redaktoru,
Filologiya elmləri üzrə fəlsəfə doktoru