qm

Azərbaycan Dövlət Milli kitabxanasında xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi münasibətilə nəşr olunmuş “Bəxtiyar Vahabzadə. Biblioqrafiya”, “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” kitablarının və “Bəxtiyar-90” adlı elektron məlumat bazasının təqdimat mərasimi oldu.
Tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq, Bəxtiyar Vahabzadə şəxsiyyətinə Türk Dünyasında bəslənilən ehtiram və sevgidən, filosof-şairin əbədiyaşar poeziyasının qüdrətindən danışdı. Milli kitabxananın əməkdaşlarının gərgin zəhməti hesabına ərsəyə gəlmiş biblioqrafiyanın, eləcə də TÜRKSOY-un dəstəyi ilə 6 türkdilli xalqın dilinə çevrilərək, sanballı bir kitab şəklində oxucuya təqdim olunmuş 90 şeirdən ibarət toplunun şairin 90 illik yubileyinə dəyərli töhfə olduğunu qeyd etdi.
Təqdimat mərasimində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək, ölkəmizdə və türk dünyasında adı hər zaman sevgiylə anılan, əsərləri sevilə-sevilə oxunan Bəxtiyar Vahabzadənin dünyanın digər poeziya nəhəngləri ilə bir sırada dayandığını diqqətə çatdırdı.
Respublika prezidenti İlham Əliyevin şairin 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzaladığı sərəncama əsasən, respublikanın müxtəlif yerlərində silsilə tədbirlər keçirildiyi barədə məlumat verən nazir müavini, yubiley ərəfəsində işıq üzü görmüş nəşrlərin dəyərindən danışdı.
Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı, professorlar Qəzənfər Paşayev, Zaman Əsgərli, qurumun Qazaxıstan təmsilçisi Malik Otarbayev, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, BDU-nun dosenti Etibar Talıblı və digər çıxışçılar şairin dərin fəlsəfi məzmunlu yaradıcılığına yüksək dəyər verərək, əsərlərinin əksər türk dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və digər xalqların dillərinə tərcümə olunduğundan danışdılar.
Milli Kitabxananın şöbə müdiri Rübabə Səfərovanın nümayiş olunan B.Vahabzadə haqqında video-film və elektron məlumat bazası barədə verdiyi açıqlama mərasim iştirakçılarının böyük marağına səbəb oldu.
Şairin şeirlərinin tərcümə və nəşrində xidməti olmuş ziyalılara TÜRKSOY-un xatirə hədiyyələri təqdim edildi.
Tədbirin sonunda şairin çoxşaxəli yaradıcılığını özündə əks etdirən “Bəxtiyar Vahabzadə-90” adlı geniş kitab sərgisinə baxış keçirildi.

Qiymət Məhərrəmli,
“Elimiz.Günümüz” qəzetinin təsisçisi və baş redaktoru,
Filologiya elmləri üzrə fəlsəfə doktoru