“Bayraq sözü ümumtürk mənşəlidir və tarixi çox qədimdir. “Hələ min il bundan əvvəl böyük türk dilçi alimi Mahmud Kaşğarlının məşhur “Divanü- lüğət -it – türk” əsərində bu söz müasir dilimizdəki mənada və BAYRAK – BATRAK fonetik variantlarında qeydə alınmışdır.
Bu gün Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd edilir. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-unu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Həmin gün Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında öz əksini tapır. Azərbaycan Respublikasının bayragı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Dövlət atributu olaraq Azərbaycan bayrağına ehtiram göstərilməsi ölkə vətəndaşlarının müqəddəs borcudur.
Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.
Hər bir halda, dostu sevindirən, düşmənin gözünə tikan kimi batan üçrəngli bayrağımız dövlətimizin varlığını bütün dünyada təsdiqləyir. Şübhə yoxdur ki, müstəqil Azərbaycan siyasi və iqtisadi cəhətdən möhkəmləndikcə üçrəngli milli bayrağımız daha yüksəklərə ucalacaq, sancıldığı məkanların sayı daha da artacaq.
Dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün müstəqil Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağı fəxr – fəxarət mənbəyidir. Xalqımız tarix boyu çox ağır dövrlərdən keçməsinə baxmayaraq, bu gün özyüksəlişinin ən uca zirvəsindədir. Təbii ki, bayrağımızın həmişə ən yüksəklərdə görünməsi dövlətimizin gücündən, artan nüfuzundan xəbər verir. Hər bir müstəqil dövlətin tanınması üçün dövlət rəmzləri zəruridir. Azərbaycan dövlətinin də müstəqilliyini simvolizə edən öz bayrağı, gerbi və himni var. Qoy daim zəfər soraqlı olsun üçrəngli bayrağımız!!!
Ülkər Piriyeva