Qocaların unutduğu, cavanların yad etdiyi, uşaqların can atdığı əsrarəngiz bir məqamdır gənclik! Bəli doğrudan da yaşlı nəslin nümayəndələrindən öz gənclik illəri ilə bağlı xatirələr dinləyəndə müşahidə etmişəm onlar bir çox məsələləri ya xatırlaya bilmirlər, ya da çətinliklə xatırlayırlar. Orta yaşlı, yəni cavan nəslin nümayəndələri də ki, tez-tez öz gənclik illərindən söz açar, etdikləri bir çox qəhrəmanlıqları, xatırlayır, maraqlı xatirələrini paylaşırlar. Bir müəllimə kimi isə müntəzəm qarşılaşdığım məsələ, kiçik yaşlı məktəblilərin can atdığı, maraqlandığı məsələlərdən biri də gənc olmaq, azad və müstəqil həyata atılmaqdır. Əslində gənclik macəralarla zəngin, olduqca maraqlı bir dövrdür. İnsan ömrünü bir günə yerləşdirsək gənclik həmin günün düz günortasıdır. Hünərin, cəsarətin özünü qabarıq şəkildə göstərdiyi bir zamandır gənclik.
O, gənclik ki, hər bir kamil insanın həyatında ölməz sevdalı izləri var. İnsanın həyatı dərk etdiyi ilkin mərhələ məhz elə həmin illərinə təsadüf edir. İlk dəfə müstəqil həyata atılmaq, ilk sevgi hisslərinin yaranma tarixi, ilk dəfə olaraq müstəqil işləmək, ilk zəhmət haqqı, ilk səhvlər və daha bir çox sadalaya bilmədiyim xeyli sayda “ilklər”lə doludur gənclik. Ümumilikdə isə həyəcanla dolu, insan ruhunun ən coşqun çağlarıdır. gənclik insana həyatı öyrənmək üçün verilmiş şansdır. hər kəs bu şansı düzgün dəyərləndirərsə gələcəyini rahat formalaşdırmış olar. İnsana məxsus olan ruh, düşüncə kimi amillərin daha çox parladığı məqamlarda biz bir çox səhvlər də edə bilərik. Həmin səhvləri onun üçün edirik ki, nöqsanlarımızdan nəticə çıxaraq və daha böyük bəlaların, günahların icraçısına çevrilməyək. səhvlərimizdən nəticə çıxaraq, çətinə düşdükdə özümüzü və ətrafımızdakı insanları qoruya bilək. Bacarıqlı olmaq üçün isə təbidir ki, savadlı, dünyagörüşü yetkin olmalıyıq. Nə xoş ki, bu günkü Azərbaycan gəncliyi kifayət qədər savadlı, dolğun düşüncəli və özünə inamlıdır.
Gənclik hər bir dövlətin gələcəyi, sağlam gənclik isə hər dövlətin güclü gələcəyinin sığortasıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində mütəmadi tədbirlər görülür. Bu gün ölkə siyasətində gənc nəslin düzgün yetişdirilməsi məsələsi önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir
2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. 2 fevral 1997-ci ildə ümumilli lider, mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Gəncləri günü elan olunub. Bu prosesə daha da geniş vüsət verərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci il ölkədə “Gənclər ili” elan edilmişdir
“Xüsusi istedada malik olan gənclərin yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” gənclər siyasətinin daha da təkmilləşdirilməsini təmin edir, gənclərin yaradıcılıq potensialının aşkara çıxarılmasına, yaradıcılıq potensialının reallaşdırılması üçün lazımi şəraitin yaradılmasına, yaradıcılıq potensialının səmərəli idarə edilməsinə, gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə, xüsusi istedadlı gənclərin seçilməsinə və onlarla müvafiq tədbirlərin həyata keçirilməsinə böyük zəmin yaradır. Gənclər üçün yaradılan belə münbit şəraitdən mən də bir gənc olaraq yararlanmışam. Belə ki 2006-cı ildə çapa hazırlanan “Azərbaycan XXI əsr İstedadlarla” ensiklopediyasında yenicə yaradıcılığa qədəm qoymuş gənc yazar kimi mənim də imzam dərc olunmuşdur.
Gənclərin bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunması cəmiyyətin inkişafına öz töhfələrini verir.
Gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb. Dövlətimizin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli yararlanmasına şərait yaradır. Bir azərbaycanlı gənc olaraq əminlikdə deyə bilərəm ki, dövlətimiz tərəfindən bizlər üçün yaradılan geniş imkanlar, gənclərimizi cəmiyyətin ən məhsul qüvvəsinə çevirmişdir. bu da belə deməyə əsas verir ki, Azərbaycanımızın sağlam gələcəyi artıq sığorta olunmuşdur. Əziz gənclər 2 fevral gənclər günü münasibəti ilə hər birinizi təbrik edir, möhkəm can sağlığı arzulayıram. Bayramınız mübarək!