12226329_1478059319170065_2045167731_n

YAŞAYIR GÖZÜMDƏ SƏNİN HƏSRƏTİN 1978

Yaşayır gözümdə sənin həsrətin,
İlk eşqin ağrısı, acısı kimi.
Sənin şübhələrin bu məhəbbətin
Qalıb xarirəmdə qayğısı kimi.

Gözlərdən yayınıb, gəlib durardım,
Pəncərən önündə qərib kimi mən.
Gedib xəyalınla ovundurardım,
Körpətək ağlayan ürəyimi mən.

Mənim gəlişimlə qanadlanardı,
Zirvəyə qalxardı qürurun o gün.
Bir anda qəlbində ümid yanardı,
Daşardı həm səsin, həm nurun o gün.

O ala gözlərin nurundan içən
Ürəyim heç kəsə qızmazdı onda.
Gülüm, bu dünyada mən sənsiz keçən
Günləri ömrümə yazmazdım onda.

Deyərdim:-sən getsən gözümdən mənim
Qarışar rəngləri səmanın, yerin,
Bir anın içində üzümdən mənim
Çəkilər gülüşü şəlalələrin.

Tale öz sirrini açmaz heç kimə,
Araya uçurumlu bir dərə düşdü.
Bu eşqin ağrısı mənim bəxtimə
Yazdığım nəğməsi dillərə düşdü.

Yaşayır gözümdə sənin həsrətin,
Ömrün həm qarası, həm ağı kimi
Ağrısı, acısı ilk məhəbbətin
Dünyaya görk olur göz dağı kimi.

Türkəm mən

Mərə kafir,unutdunmu?
Azman türk oğlu türkəm mən.
Bir nərəylə halayları
Pozan türk oğlu türkəm mən.

Var dünyada yolum, izim.
Yox kimsəylə bir qərəzim.
Hər zaman haqqa tərəzi,
Mizan türk oğlu türkəm mən.

Azmamışam duman, çəndə.
Aç oxu tarixi məndə.
Şəhidə qəbri sinəmdə
Qazan türk oğlu türkəm mən

Dözümdə- Bamsı Beyrəyəm,
Sözümdə- Yunis İmrəyəm.
Sazımda- dəli nərəyəm,
Ozan türk oğlu türkəm mən.

SƏNİN MƏKTUBLARIN -1981

Ömrümə məktubun yağardı bir vaxt,
Yağardı yanğıma yaz yağışıtək.
Yoluma məktubun baxardı bir vaxt,
Baxardı bir həzin qız baxışıtək.

Sənin məktubların həyan olardı,
Səndən uzaqlarda bu təkliyimə.
Qəlbimi anlayıb, duyan olardı,
Düşərdim vüsalın çiçəkliyinə.

Demə yatırammış fil qulağında,
Bahar məktubların xəzəlli imiş.
Bir eşqin saralan qurub çağından,
Ünvanıma uçan təsəlli imiş.

Yönü bəri sevinc üz çevirəndən
Düşdüm dünyasına çəkizisliyin.
Gördüm ki, həsrətin gəzib çevrəmdə,
Hər gün kölgə kimi məni izləyir.

Çaytək ləpələnən gülüşlərinin
Qərq ola bilmədim dərinliyində.
Bizimçün darıxan görüş yerinin
Kimsə nəfəs dərir sərinliyində.

Sənsizlik ömrümə yol gələn axşam,
Sən məni işıqlı bir gündə axtar.
Mən sənin qəlbində dəfn olunmuşam,
Axtarsan sən məni, qəlbində axtar.