GET
Gedirsənsə birdəfəlik yığış get,
Səni xatırladan heç nə qalmasın.
Elə get ki, səndən sonra qəlbimi,
Həsrət bürüməsin, hicran almasın.
Götür saçlarımı apar özünlə,
Sənin əl işindi saçımda hər dən.
Gözləmə, arxanca baxan deyiləm,
Gözümə bu zülmü yaşatmaram mən.
Necə gəlmişdinsə elə də çıx get,
Gedirsən getdiyin, gəldiyin yoldu.
Yalandan kövrəlib, ağlama bəsdi,
Yenədə axırda sən deyən oldu.
Düşünmə sən getsən tək qalaram mən,
Sağımda qəmim var, solumda kədər.
Ən yaxşı günlərim onlarla keçib,
Hayıf, sənli günlər keçibmiş hədər.
Gedəndə qapını çöldən bağla get,
Evdə olduğumu kimsə bilməsin.
Sənin getdiyini görüb duyanlar,
Gəlib ürəyimdən səni silməsin.
Bu gün olmasın
Yıxılsın üstümə ən uca dağlar,
Açmasın gül-çiçək, baxçalar-bağlar,
Geriyə qayıtsın o ötən çağlar,
Bu gün ayrılırıq, bu gün olmasın!
Dəyişməsin tarix, zaman dayansın,
Yatanlar bir gündən sonra oyansın,
Silinsin təqvimdən, alışısın-yansın,
Bu gün ayrılırıq, bu gün olmasın!
Səhər açılmasın, günəş də solsun,
Həftəmdən, ayımdan gün əskik olsun,
Ömür gündəliyim bax bu gün dolsun,
Bu gün ayrılırıq, bu gün olmasın!
Analar, bacılar məni ağlasın,
Dost-tanış üzülüb sinə dağlasın,
Gözümü sevdiyim gecə bağlasın,
Bu gün ayrılırıq, bu gün olmasın…!
***
Eşitdim xəbəri, doldu gözlərim,
Dedilər sevdiyin gül, xəstələnib.
Günəşin, ulduzun, ayın, göy səman,
Nəğmələr söyləyən dil, xəstələnib.
Sızladı köksümdə sevən ürəyim,
Yıxıldı elə bil sevgi dirəyim.
Ömrümün mənası, eşqim, gərəyim-
Səninlə ötüşən il, xəstələnib.
Saniyəm, dəqiqəm keçmir saatım,
Necə rahat olum, necə baş qatım?
Sən xəstə olasan, mən rahat yatım?
Ruslan səndən qabaq bil, xəstələnib.
***
Çıxmışdım seyrinə mən təbiyətin
Gördüm çəmənlikdə bir qız ağlayır
Sanki gözlərindən axan yaş deyil,
Dərdi gözlərindən çoşub-çağlayır.
Onu ağlamağa nə vadar edir,
Puç olan arzusu, xəyallarımı?
Yoxsa bir oğlanın çirkli əlində
Çirklənən namusu, ismət-arımı?
Bəlkədə doğmasın, dostun itirib,
Sevdiyi birinin həsrətin çəkir?
Bəlkədə gözüylə torpaq sulayır,
Torpaqda vüsalın toxumun əkir?
Gərək yaxınlaşıb təsəlli verim,
Ağlama ay gözəl, ağlama bəsdi!
Qaldırıb başını bir söz demirsən
Köksündən yüksələn nə ah, nə səsdi?
Ağlamaq de nəyi dəyişəcəkki,
Gedəni geriyə gətirə bilməz.
Sənin yanağında iz salan yaşlar,
Sənli arzulara yetirə bilməz…