qsm

Təxmis 2

( dırnaq arasında olan beytlər M.P.Vaqifə məxsusdur )

Rəhm elə , ey nazənin , göz yaşım ümman , ağlaram ,
Səndən ayrı hər vədə , hər ləhzə , hər an ağlaram ,
Dərdə yox dərd ortağı , yox bir pasiban , ağlaram ,
« Ey güli-xəndan , fərağından sənin qan ağlaram ,
Eylərəm şamü səhər çaki giriban ağlaram »

Vəsli dərdin çəkibən min bir əzabə düşmüşəm ,
Qeyb olubdur dincliyim , mən tərki xabə düşmüşəm ,
Taleyin püşkiylə bir duzəxə babə düşmüşəm ,
« Gedəli zülfün əlimdən piçü tabə düşmüşəm ,
Dönmüşəm bir muyə , çox hali pərişan ağlaram »

Hüsnünü gördüyüm an öylə bitab etdi məni
Әlif qəddim bükərək ta ki , pürtab etdi məni ,
Narə saldı cövr ilə , çün afitab etdi məni ,
« Gəl kim , ey lalə zənəxdanın kəbab etdi məni ,
Od düşübdür cismimə , hərdəm yanar can , ağlaram »

Müntəzəm qan eylədi , qıldı qəbah kirpiklərin ,
Hər axıtdıqca qanım tutdu günah kirpiklərin
Qətreyi əşkə səbəb axşam , sabah kirpiklərin ,
« Yadıma hər bir düşəndə ol siyah kirpiklərin ,
Sanasan ki , sancılar bağrıma peykan , ağlaram »

Şamxaloğlu , kimdə ki , elmü ədəb cəm olmasa ,
Aşiq olmaz haqq üçün , gər gözləri nəm olmasa .
Rəhmət , ey ustad , sənə , haqdır ki , qəm kəm olmaz ha ,
« Vaqifa , şad olmaq olmaz yaxşı həmdəm olmasa ,
Ağlaram ta ömrüm olduqca firavan , ağlaram »

1 dekabr 2015

TӘXMİS

( dırnaq içində olan beytlər M.P.Vaqifə məxsusdur )

Müştağın olan qeyri bir gümanə düşərmi
Divanən olmayan da biyabanə düşərmi
Böylə sitəm etmək də müsəlmanə düşərmi
« Salmaq nəzərindən məni cananə düşərmi
Tərk eyləmək öz qulunu sultanə düşərmi »

Yox misli bütün dəhrdə , aləmdi bu surət
Amadəyəm hər nazına , etməzmi kifayət
Hər bir nəzərimlə sənə , sarmış məni heyrət
« Kakil nə rəvadır ki , könüldən edə qeybət ,
Şanə gileyi zülfi-pərişanə düşərmi »

Qəflətdə məni çulğayıban qəlbimə çökdü ,
Firqət bu fəqir aşiqini dərd ilə bükdü ,
Səndən gəlirsə xoşdu mənə sanma ki , yükdü ,
« Qəmzən ləbini dişləməmiş , qanımı tökdü ,
Qan eyləməyən kimsənə heç qanə düşərmi »

Qəlbə yenə qəmxanə düşüb zülfün ucundan ,
Könlüm evi viranə düşüb zülfün ucundan ,
Narə neçə pərvanə düşüb zülfün ucundan ,
« Dil çahi-zənəxdanə düşüb zülfün ucundan ,
Әlbəttə , xətasız kişi zindanə düşərmi »

Bir lütfi Xudasan , mənə Haqqdan bir inayət
Hər əmrinə can-başla edim müti itaət .
Heç kimsədə cəm olmadı bir böylə lətafət
« Derlər ki , dəhanınla edir bəhsi-nəzakət ,
Görün , bu söz ol qönçeyi-xəndanə düşərmi »

Bilxassə sənubərdə dəxi yox belə qamət
Bundan dolayı cismimi sarmış bu məlalət ,
Bu xanə-xəraba eliyə bir kərə şəfqət ,
« Ol sərvi-xuramanə ki , gəzmək olub adət ,
Bir kəz yolu , gör kim , bizim eyvanə düşərmi »

Qırx il arayıb tapmamışam əhdə vəfadar
Aləmdə yenə Qalibə tuş oldu sitəmkar .
Rəhmət ola ol ustada icad edib əşar ,
« Olmazsa əgər Vaqifə bir sədri səmən yar ,
Top eyləyibən başını meydanə düşərmi »

30 noyabr 2015