yt

OXU ÜRƏYİMİ

Qəlbimdən keçəni bilmək istəsən,
Oxu ürəyimi-o yazımdadır.
Həm şaxta görərsən,həm də isti sən,
Çiskin payızımda,gün yazımdadır.

Qaynar bir ocağam,qızmar bir yayam,
Dünənim yaşayır sətirlərimdə.
Səhvimə tuşlanan tək oxlu yayam,
Hopub misralara sərt illərim də.

İlham göylərində bəzən ay azıb,
İçimdə ağlayıb,sızlamışam mən.
Bəzən də qəlbimdə eşqin ayazı,
Bulaq tək sözümdən sızlamışam mən.

Hərdən istəyimə qəlpə toxunub,
Yaşayıb yaralı ad iliyimdə.
Elə söz deyiblər qəlbə toxunub,
Avamlıq gəziblər adiliyimdə.

Ata ocağında tənha köz olub,
Alışıb yanmışam hey için-için.
Səbrimə sığınıb,dərdə göz olub
Sözümü tapmışam özümdən keçib.

Azərbaycan.Quba.

Gül,könlümün Ərk qalası

Səni sevən ürəyimi
Gizləmədim gözlərində.
Ürəyimin diləyini,
Gülüm duymur gözlərin də?

Oxu,gözəl,gözlərimi,
Ürəyimdən nə keçir-gör.
Baxışım da sözlərimi,
Ürəyinə köçürür-gör.

Gözlərimdə gül üşünür,
Gülüşünə həsrət mənəm.
Əsirgəmə gülüşünü,
Toy tutmasın həsrət mənə.

Kipriyindən asılıbdır
Dodağında donan gülüş.
Ürəyimə qısılıbdır
Bir vaxt üzə qonan gülüş.

Gözlərinin şeh damlası
Qoy gül açsın yanağında.
Gül,könlümün Ərk qalası,
Ölüm gülüş ayağında.

Azərbaycan.Quba