Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyi üzvləri, Ziyalı Ocağı” İctimai Birliyi, “Gənc Yazarlar” Ədəbi Birliyi, “Hüseyn Arif” Ədəbi Birliyi, “Neftçi” Ədəbi Məclisi, “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvləri “Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyi”nin sədri, “Sözün Sehri” qəzetinin təsisçisi, “Qızıl qələm” və “Qızıl kitab” mükafatlarl laureatı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktou Qafqaz Əvəzoğlunu doğum günü münasibətilə təbrik edir, uzun ömür, can sağlığı, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyirlər!

ANA VƏTƏN

Ana Vətən, sinən üstə zaman-zaman,
Hey çəkilən hər dağına qurban olum!
Ömrüm boyu öz canımdan çox sevdiyim,
Hər bir qarış torpağına qurban olum!

Tarixlərə sinə gərdin, mərd yaşadın,
Qərinələr dolaşacaq şanlı adın.
Birləşəcək ayrı düşmüş qol-qanadın,
Alovlanan ocağına qurban olum!

Sevinirəm, baxdıqca xoş çağlarına,
Əzəmətli, başı qarlı dağlarına.
Ətir saçan gül-çiçəkli bağlarına,
Hər bir açan yarpağına qurban olum!

Səndən özgə yox dövlətim, qeyri varım,
Dərdi-sərin – dərdi-sərim, intizarım.
Hər xoş günün qəlb oxşayan bir baharım,
Toy-büsatlı növrağına qurban olum!

Oğul yetir, hər birisi bir qəhrəman,
Ta verməsin düşmənlərə bir də aman.
Başın üstə məğrur-məğrur dalğalanan,
O üçrəngli bayrağına qurban olum!!

05.06.2004.

ŞƏHİDLƏRƏ

Bu Vətən naminə varsa ölən kim,
Həmişə bizimlə yaşayacaqdır!
Ən uca zirvədə qərar tutub o,
Şəhidlik adını daşıyacaqdır!

Bu adın önündə baş əyirəm mən,
Durub üz tutduğum qibləgahımdır.
Dünən özlərini şəhid edənlər,
Üzümə açılan xoş sabahımdır!

Bu vətən naminə, bu xalq naminə,
Ölümün üstünə düz gedən şəhid;
Açılan gülləyə, açılan topa,
Gərib sinəsini tuş edən şəhid:

-Sənin axıtdığın hər qətrə qanın,
Bu gün Vətən boyu açan çiçəkdir.
Bu Vətən naminə çəkdiyin nərə,
Bil ki, tarix boyu səslənəcəkdir!

Sinən sipər oldu neçə güllıəyə,
Haqqa çıraq oldun ölməzliyinlə.
Ey şəhid qardaşım, sən bu millətə,
Ölməzlik gətirdin ölməzliyinlə!

Sən kimsən – ən uca möhtəşəm zirvə!
Mən isə kimsəyə gərək olmadım.
Özümü bir xoşbəxt sanardım, vallah,
Qoşa çəkilsəydi səninlə adım!..

Bu Vətən naminə varsa ölən kim,
Həmişə bizimlə yaşayacaqdır!
Ən uca zirvədə qərar tutub o,
Şəhidlik adını daşıyacaqdır!

06.08.2004.

SORUŞ

= Bir nəfər yerli “şair” biz qaçqınlara xitabən mənə:
Eh, sizin nə dərdiniz var e, bütün kommunal – işıq,
qaz, su və s. xərclərinizi dövlət ödəyir, üstəlik də
sizlərə verilən yardımlra əlavələr də alırsız,- dedi =

Mənə dərdsiz deyən ay zalım oğlu,
Sən məni mən dərdli olandan soruş!
Yuvası uçandan, yurdu yanandan,
Obası virandan, talandan soruş!

Qapını kəsməyib hələ duman-çən,
Demirəm mən dərdə sən də düşəsən.
Dərdimi öyrənib bilmək istəsən,
Qəzadan qəhərin alandan soruş!

Fələk qarğayandan, evin yıxandan,
Başına qayalar, daşlar yağandan,
Gündüzlər yurd sarı durub baxandan,
Şər vaxtı gözləri dolandan soruş!

Ətirli baxçası, bəhrəli bağı,
Yarpızlı bostanı, çiçəkli tağı,
Laləli çəməni, reyhanlı dağı,
Yamyaşıl ormanı solandan soruş!

Başının üstünü kəsəndə yağı,
Qazanda qatığı, nehrədə yağı,
Ləyəndə ayranı, teştdə qaymağı,
Atıb qaça bilən nalandan soruş!

Ulağı alıxda, dəvəsi xıxda,
Sürüsü ağılda, malları mıxda,
Toyuğu-cücəsi əldə-ayağda,
Itləri zəncirdə qalandan soruş!

Qız-gəlin bulaqda atdı sənəyi,
Tavada xörəyi, sacda çörəyi…
Bir təhər çıxartdım anam Göyçəyi,
Sal bizdən yolunu, bir ondan soruş!

Qaldı qapılarda tığla taxılı,
Tayası vurulu, kumu tıxılı…
Saydıqca birbəbir qəlbim sıxılır,
Bilmə ki, deyirəm yalandan, soruş!

Halakın çıxar e, itsə bir iynən,
Olarsan imandan, çıxarsan dindən…
Bir çöp götürməyib dolu evindən,
Yol boyu saçını yolandan soruş!

Taptaq altındadı qəbirstanlığım,
Qoparıb daşını, aparıb yağım.
Qaralıb ocağım, sönüb çırağım,
Dərd nədi, havasın çalandan soruş!

Dördgözlü açıram hər gecə danı,
Gedib yoxlayıram yirdu-yuvanı.
Hər gün xatırlayıb eli-obanı,
Şirin xəyallara dalandan soruş!..

Qafqaz Əvəzoğlu incimir səndən,
Ta bir də bir kəlmə soruşma məndən.
Get torpaq satandan, yer-yurd verəndən,
Bizi bu düzlərə salandan soruş!!

2004.

BATIRAM İÇİMİN HIÇQIRIĞINDA

Yenə xəyallarla mən başıdaşlı,
Qopub öz içimdən uzaqlaşmışam.
Ürəyim ağrılı, gözlərim yaşlı,
Gedib o yerlərlə qucaqlaşmışam!

Gümanın itirmiş yalquzaq kimi,
Düşüb dolaşıram viran yurdları.
Gəzirəm yad kimi, bir uzaq kimi,
Bir vaxt növrağımı quran yurdları!

Gah “Qara qaya”da, gah “Ağ qaya”da,
Keçən günlərimin sorağındayam.
Gah “Qlzıl qaya”dan boylanıb, ya da,
Çağlar Bərgüşadın qırağındayam!..

Baxıram hər tərəf yesirdən yesir,
Möhtacdı qayası, daşı sığala.
Nə Babək görükür, nə də Cavanşir,
Nə də ki, Koroğlu – qılıncın çala!

Axır gözlərimdən yaş gilə-gilə,
Batıram içimin hıçqırığında.
Gəzdirə bilsəydik qalmazdıq belə,
Vətən qeyrətinin bir qırığın da!!

2006.

SIZILDAŞIRMI

Görən o yerlərdə yenə, ay Allah,
Şimşəklər oynaşıb şaqqıldaşırmı?!
Buludlar sıxanda kirpiklərini,
Sellər dərələrdə aşıb-daşırmı?!

Zümrüd bulaqların xoş nəğmələri,
Yenə oxşayırmı gen dərələri?!
Kükrəyən Bərgüşad, coşan Həkəri,
Çırpılıb daşlara qıjıldaşırmı?!

Şahinlər, şonqarlar ucalıqlarda,
Durnalar, turaclar ovalıqlarda,
Xınalı kəkliklər qayalıqlarda,
Veribən səs-səsə qaqqıldaşırmı?!

Səhərlər əsdikcə sərin küləklər,
Gəlintək nazlanan al biçənəklər,
Meşədə xəzəllər, çöldə çiçəklər,
Göllərdə lilparlar pıçıldaşırmı?!..

Qafqaz Əvəzoğlu olsa gedəsi,
Canın o yerlərə qurban edəsi…
Görən mənim kmi hər bir bəndəsi,
Dönüb sarı simə sızıldaşırmı?!

2005.