asm

Sən “Günəşli” deyilsən-
Sən günəşlər söndürən yırtıcı dişli məkan!
Neçə-neçə məmura sərvət toplamaq üçün
Ən əlverişli məkan.
Yox,”Günəşli” deyilsən,sən zülmət bir qaranlıq,
Durub boylan kənardan öz işinə bir anlıq!
Haqq yanıb külə döndü,dəryalarda boğuldu,
Üstünə kin saçıldı,sənə nifrət doğuldu!
Saf,məsum insanlara şaxta oldun,üşütdün,
Amma neçə cəllada sığal çəkib isitdin!
Bircə parça çörəyi çox gördün məzlumlara,
Ədalətsiz olmayan Günəş hara,sən hara?!.
Sən günçıxan olmadın,qara günlər gətirdin,
Bu milləti əzablı bir günlərə yetirdin…
Səndən cavab gözləyir gözü yaşlı qalanlar,
Qoy utansın Günəşi belə gözdən salanlar!