SƏNƏ HARADAN GÜL TAPIM?
Ürəyim dərdin oylağı,
Hər gələn atinı çapır.
Söz-söz axan göz yaşımda
Hərə öz payını tapır.
Nə bir iz var,nə bir yol var,
Çəkilib qınına yollar.
Məni qısqandığın yolla
Tay gəlib tayını tapır.
Gülər gözün sözü ələm,
Fələk sayan gün gözü nəm.
Toplandıqca qəm üstə qəm,
Sayılan sayını tapır.
Başımı qatıb sözümlə,
Elə qəm yedim gözümlə.
Yola getmədim özümlə,
Səninlə necə dil tapım?!
Axır ölüm ayağında,
Gəldin sözüm qulağında.
Qışın bu oğlan çağında
Sənə haradan gül tapım?
Azərbaycan.Quba.
Unudun,məni unudun!
Bu dünyaya göz açmağım,
Ən böyük itkidir mənə.
Həsrətim-dərdimin dağı,
Taleyin ərkidir mənə.
Gözlərim dərdin köləsi,
Ürəyim dərdimi çəkir.
Düşür ömrümə kölgəsi,
Dərd sözü çəkir,ha çəkir.
Sevgim mənə nə verib-nə?
Sənə də nə versin,canım,
Bu dünya eşqə məngənə,
Əlində oyuncaq canım.
Bezmişəm gün keçirməkdən,
Əcəl harda baş girləyir?
Dərdim ömrümə cangüdən,
O da ölümü gözləyir.
Dərdimə yad,əzizlərim,
Unudun,məni unudun!
Mən ölümü əzizlərəm,
Siz də bu dünyanı tutun!!!
Azərbaycan.Quba.
16.12.2015.