Azərbaycan bayrağı
Könlümdə çalxalananan,
İşığımdır,nurumdur,
Səmada dalğalanan
Şərəfim,qürurumdur
Azərbaycan bayrağı
Ayı,ulduzu ilə
Cahanı nurlandırır,
Qəlbimizdə fəxarət
Çırağını yandırır
Azərbaycan bayrağı
Ruhudur bədənimin,
Şücaətin izidir,
Müstəqil vətənimin
Əyilməzlik rəmzidir
Azərbaycan bayrağı
Mənə ruhumdan yaxın,
Müqəddəsdir,uludur,
Əbədi azadlığın
Ən bariz simvoludur
Azərbaycan bayrağı
Odur səadət mehi,
Düşmən baxıb utansın,
Gün olsun ki,İlahi,
Şuşada dalğalansın
Azərbaycan bayrağı
21 dekabr 2015-ci il
Hələ də məndəsən
Hələ də məndəsən,hələ də məndə,
Zaman aciz qalıb bu dərd önündə,
Sən mənə ilahsan,mən sənə bəndə,
Hələ də çaşqınam qəm düyünündə
Hələ də gözündən qalxıram göyə,
Yer mənim üzümə həsrət qalıbdır,
Hələ də dərdimi deyirəm neyə,
Hələ də ulduzlar seyrə dalıbdır…
Bahar elçisidir bu soyuq boran,
Ona hicran demək məni qəhr edir,
Hələ də cənnətə,Haqqa aparan
Günahım günaha calanıb gedir…
İndi nə ölüyəm,nə diriyəm mən,
Bəşər olmağıma varımdı şübhəm
Almağa şığıyır məni əlimdən
Hələ də müəmma,hələ də mübhəm.
Hopmusan ruhuma elə o gündən,
Varlığın cənnətin nurundan baha,
Geriyə almaqçün özünü məndən
Məsləhət görürəm qayıtma daha