rm

Anasını itirən balaca uşağın dilindən

Sən mənim şəklimi arxadan çəkib,
Saldın xəyalımı çölün düzünə.
Həyat üzərimə qəm-kədər əkib,
Bilmədim ki, yalanı nə düzü nə.

Boyu məndən uca bu beton divar,
Yalnızlıqdan başqa, söylə dərdmi var?
Payız bitər, ətrafımı qar alar,
Üşüdüb dondurar, baxmaz üzümə.

Qısıldığım bu divarın arxası,
Zaman-zaman dönübdü qan gölünə.
Fikirlərin, xəyalların parçası,
Səpələnib yamacına, düzünə.

Bəsdir daha, hamı batıbdır yasa,
Gözləyirəm, həlbət silahlar susa.
Zalım fələk məni kənardan pusa,
Bilmək olmaz, bəlkə güldü üzümə!…

09.12.2015

MƏNİ QARŞILA

Mənim xəyalımda bükülü qalıb,
Həsrətin yaxamda sökülü qalıb.
Sənsizlik dağ olub, çəkili qalıb,
Sevgini əynimə geyib gəlirəm.
Çıx yolumun üstə, məni qarşıla..

Küləklərdən alıb sənin ətrini,
Dünya qədər istəyirəm xətrini.
Misralarım tutub sənin xəttini,
Sevgin müqəddəsdir deyib gəlirəm.
Çıx yolumun üstünə, məni qarşıla.

Dolanaram gündə yüz yol başına,
Heyran ollam kipriyinə, qaşına.
Sevgi baxmaz sevənlərin yaşına,
Sevda budağını əyib gəlirəm.
Çıx yolumun üstünə, məni qarşıla.
İzlərini qarış-qarış gəzərəm,

Bir misranda əhvalını sezərəm.
Sən olmasan bu dünyadan bezərəm,
Sən adlı eşqimi öyüb gəlirəm.
Çıx yolumun üstə məni qarşıla.

22.12.2015