sxp

Ruhumun yolundan aza bilmirəm,
Ürəyin dərdini yoza bilmirəm,
Duyğular süzülüb dolur içimə,
Heyif hər birini yaza bilmirəm.

Uzaqdan duyulur şeirin ətri,
Hecalar yazdırır gedən sətiri,
Kəsib doğrayıram itməsin məna,
Heyif sonda qalır sözün kəsiri.

Axşamdan səhərə qonaq oluram,
Yaşaya-yaşaya seyrə dalıram,
Hecaya bölünür beləcə ömrüm,
Zaman axıb gedir, mən qocalıram.