ŞƏHİDLƏR XİYABANINDA
Bu lal xiyabandan keçirəm sakit,
Keçirəm fikirli, qüssəli, qəmli.
Müqəddəs şəhidlər bu yerə sakin,
Burdan yaz da keçir payız qədəmli.
Bura gələnləri sükut qarşılar,
Burdan gedənləri yola salan yox.
Bu daş qapıları döyər yağışlar,
Açıb kimliyini xəbər alan yox.
Dünənki gülüşlər, dünənki səslər,
Donub, şəkil kimi hopub daşlara.
Yarımçıq arzular, sonsuz həvəslər,
Pərvanə eşqini çapıb daşlara.
Hələ şəhidlərin yarası qanlı,
Hələ də torpaqda qan ləkəsi var.
Bu dağ üstü “Parkın” başı dumanlı,
Kökündə zəlzələ təhlükəsi var.
Vətənin ucalan başının üstə,
Bu ölüm şimşəyi haradan çaxıb?
Baki, hər qranit daşının üstə,
Nə qədər qərənfil yağışı yağıb.
Oğul qeyrətinə sığınmış torpaq,
Bu gün göz yaşına , al qana təşnə.
Ha sinəyə çırpaq, ha dizə çırpaq,
Düşmən sevinəcək döyüb döşünə.
Şəhid məzarının ağırlığından,
Burda yer inləyir, göy ağı tutub.
Bu yurd zarımayıb sağırlığından,
Bu xalq əyilməyi çoxdan unudub.
Bura and yeridir, inam qibləsi,
Sınaq imtahanı, qeyrət dərsidir.
Burda hakim olub hər ruhun səsi,
Bu haray tarixin ibrət dərsidir.
Bir az asta yeri, asta gəz burda,
Yarası göynədir Ana torpağın.
İçirt göz yaşı da, içirt vurar da,
Qoyma qəlbi dərddən yana torpağın.
Bu lal xiyabandan keçirəm sakit,
Keçirəm fikirli, qüssəli, qəmli.
Müqəddəs şəhidlər bu yerə sakin,
Burdan yaz da ötür payız qədəmli…
20 YANVAR
Bu gün arzumuzun azadlıq günü,
Bu gün azadlığın zurvə günüdür.
Ulu babaların səpdiyi dəni,
Göyərdən millətin zərbə günüdür.
Bu gün min illərlə gələn yollarıın,
Sabaha açılan hür qapısıdır.
Haqqını istəyən mərd oğulların,
Şərəflə keşdiyi nur qapısıdır.
Bu gün yer üzündə ən qədim xalqın,
Özünə yenidən dönüm anıdır.
Vətəni canından çox sevənlərin,
Vətən qarşısında imtahanıdır.
Bu gün hüzün günü, qəm günü deyil,
Fəxarət günüdür, qürur günüdür.
Xalqın varlığını təsdiq eləyən,
Şərafət günüdür, möhür günüdür.
Bu gün öz qanıyla yazdı bu millət,
Ən yeni tarixin salnaməsini.
Ucaldı müqəddəs şəhidləriylə,
Çatdırdı dünyaya haqqın səsini.
Bu gün azadlığın, müstəqilliyin,
Qan ilə yazılmış təməl günüdür.
Ölümün üzünə dik baxa-baxa,
Özgür yaşamağın bədəl günüdür.
Bu gün ürəklərdən qorxunun, xofun,
Ölümün əliylə çıxan günüdür.
Millətin divləri, əjdahaları,
Birliyin gücüylə yıxan günüdür.