ÇANAQQALA ZƏFƏRİ
Cümhuriyyət bayramının təməlində
Çanaqqala zəfəri dayanır. Eşq olsun bu zəfəri qazananlara!
Var olsun Cümhuriyyətimiz!
Azadlığı başa tac
Seçənlərin püşküdü,
Vətənə namus andı
İçənlərin püşküdü,
Bu andla şirin candan
Keçənlərin püşküdü, –
Əbədiyyət yoluna
Çıxanların səfəri,
Çanaqqala zəfəri!
Gözümüzün qan adlı
Seli, suyu qurudu.
Bu qan aydan arıdı,
Bu qan sudan dururdu.
Türkün qurtuluş himni,
Varolma düsturudu,
Odur bizə bəxş edən
Al şəfəqli səhəri,
Çanaqqala zəfəri!
Qos-qocaman ağacı
Qurutmaq mümkün deyil.
Buna təşəbbüsləri
Unutmaq mümkün deyil,
Yüz səksən milyon bu gün
Qürurla: “Türküm” – deyir.
Bitib tükənərmi heç
Qırx budağın bəhəri? –
Çanaqqala zəfəri!
Qorxu bizdən uzaqdı,
İraqdı hürkü, Tanrım.
Neylər sonsuz səmaya,
Bir ovuc bürkü,Tanrım,
Türk – Tanrının əsgəri,
Qorusun Türkü Tanrım.
Göyün yerə müjdəsi,
Yerin göyə xəbəri, –
Çanaqqala zəfəri!