Tarixdə elə məqamlar var ki, insanın damarında qanını dondurur. Həmin məqamlarda, danışmağa söz belə tapılmaz. Həmin məqam, sözün bitdiyi an, sözün bitdiyi məqamdır.
Ruhumuz o qədər ağır göynərti ilə yanır ki, özümüzü harada tapacağımızı da unuduruq. Necə ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda əliyalın xalq özünü, öz mənafeyini, bəyan etmək üçün meydanlarda toplanmışdı. Lakin bu vəziyyətdən öz mənfur niyyətləri üçün istifadə edən cinayətkarlar fürsət bilib əliyalın xalqın üzərinə böyük bir ordunu yeritdi. Həmin gecə amansızcasına qətlə yetirilmiş şəhid anaların, nənələrın, babalarının, körpələrin və gənclərin dözülməz halı, onlara edilən amansızlıqlar həqiqətən də dilimizi, dodağımızı belə dondurmuşdu. İnsanlığın susduğu, silahların şığıdığı, tüğyan etdiyi və ən əsası da əliyalın xalqa tuşlandığı bir məqamda sözümüz bitsə də bu yeni bir sözün, yeni bir düşüncənin, dünya görüşünün başlanğıcı oldu. Həmin dövrə qədər xalq Rusları bu qədər də amansız və aciz tanımamışdı. Lakin 20 yanvar hadisələri bir daha sübut etdi ki, Azərbaycan xalqı olduqca dözümlü, bizə silah çəkənlər isə bir o qədər acizdirlər.
Sözügedən acizlər yanvarın 19-da Azərbaycanda fövqəladə vəziyyətin elan edilməsinə 7 saat qalmış 11 minlik Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir. 1990-cı il yanvarın 20-də baş verən faciəli hadisələr süquta uğrumaqda olan sovet imperiyasının mənfur repressiya maşınının xalqımıza qarşı törətdiyi amansız cinayət idi. Həmin gün 130-dan çox dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 1000-ə yaxın insanın yaralanması, şübhəsiz, xalqımız üçün böyük dərd, faciə idi. Həmin vəhşətin törədildiyi gecə Bakı küçələri qan selinə boyanmışdı. Körpə Uşaqlara, qocalara, qadınlara, əliyalın əhaliyə divan tutumaq missiyasını yerinə yetirən vandalistlər həmin gecəni bəşər tarixinə qanla yazdılar. 20 yanvar gecəsi Bakı küçələrindəki mənzərəni görən hər kəsin ürəyi parça-parça olur.
O, vəhşət gecəsində Ölən və yaralananlarla bərabər 841 nəfər qanunsuz həbs olunmuş, hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.
Hüquqi əsası olmadan Bakıda fövqəladə vəziyyət elan edilməsi, Silahlı Qüvvələrin şəhərə soxulub heç bir müqavimətlə üzləşmədən ağır texnika və məhvedici silahlar vasitəsilə dinc əhaliyə qəddarcasına divan tutması Azərbaycan xalqına qarşı cinayət olmuşdur. Bu cəza tədbiri şüurlu surətdə planlaşdırılmış və vəhşicəsinə həyata keçirilmişdir.
Əsas məqsəd Azərbaycanda xalq hərəkatına zərbə vurmaq, mövcud olan rejimin dağılmasına yol verməmək və istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etmək olmuşdur. Yanvarın 19-da hərbi əməliyyatın növbəti mərhələsi kimi Azərbaycan televiziyasının enerji bloku partladılmış, respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmişdir. Faciə baş verən gündən isə digər kütləvi informasiya vasitələrinin fəaliyyəti dayandırılmış, xalq informasiya almaq hüququndan məhrum edilmişdir. Azərbaycan SSR kommunist rəhbərliyinin xəyanətkar siyasəti nəticəsində törədilmiş ağır cinayət azadlıqsevər Azərbaycan xalqının iradəsini qıra bilməmiş, onu daha da qəzəbləndirmişdir. Azərbaycan xalqını dəhşət və müsibətə düçar etmiş 20 yanvar faciəsi bütün dünyada əks-səda doğurmuş, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb olmuşdur. Bir çox ölkələrin radiostansiyaları da yanvar faciəsi haqqında hərtərəfli informasiya verir və imperiya qüvvələrini lənətləyirdi.
Hər birimizə gün kimi aydın olan Qanlı yanvar gecəsi, ümummilli lider Heydər Əliyevin səyləri sayəsində bu gün Ümumxaql Hüzn günü kimi yad edilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, gorları nurla dolsun. Allah Xalqımıza bir daha çətin günlər yaşatmasın. Amin!
Elnarə QASIMOVA