Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
OLARMISAN
Aşiqinəm,-deyən cavan,
Düşün, tayım, olarmısan?
Uzun, zülmət gecələrdə,
Nurlu ayım, olarmısan?!
Heyran edib bu aləmi,
Olub könül, qəlb həmdəmi.
Unutdurub dərdi, qəmi,
Sevgi payım, olarmısan?!
Könül sevən, qəlbə yatan,
Ömrə, günə nəşə qatan.
Xoşbəxt olub, kama çatan,
Hay- harayım, olarmısan?!
Mələksimam, aynaqabaq,
Alnı açıq, hey üzü ağ.
Dağ çayıtək coşqun, şaqraq,
Yazım, yayım, olarmısan?!
Qaçırma məndən gözünü,
Söylə ürək, qəlb sözünü.
Gəl Dövrana de düzünü,
Ilim, ayım, olarmısan?!…
Olarmısan?!…
Olarmısan?!…
24.01.2016.
ŞAHDIR MƏNƏ
Sən gözümün ilk ovusan,
Könül odu, alovusan.
Sevgi dolu, eşq dolusan,
Sənsiz həyat, yoxdur mənə.
Səba yelim, küləyimsən,
Xoş arzumsan, diləyimsən.
Könül sevən,mələyimsən,
Nə eyləsən, çoxdur mənə.
Ala gözlər, sakit dənız,
Xallı yanaq,ayna bəniz.
Qıyma sönsün, eşqim sənsiz,
Kipriklərin oxdur mənə.
Nə gecəm var, nə gündüzüm,
Yanaqda yaş, düzüm- düzüm.
Tapammıram dərdə çözüm,
Hər keçən an, ahdır mənə.
Görməsə də səfasını,
Dövran çəkər cəfasını.
Yar göstərsin vəfasını,
Görsün sevdam, şahdır mənə.
25.01.2016.