Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru
DEYİM Kİ
Ocaq közdən alışar,
Ürək gözdən alışar,
Məclis sözdən alışar,
Yanmayım neyləyim ki.
Saz sinədə ağlayar,
Gözəllik dil bağlayar,
Bulaq daşdan çağlayar,
Bəs mən nə söyləyim ki.
Ölüm-itimdi dünya,
Vallah yetimdi, dünya,
Söz-söhbətimdi dünya,
Haqqı necə əyim ki.
Gəl sinəmə çəkmə dağ,
Sevgidən gül açar bağ,
Axı qatıq ağdı ağ,
Necə qara deyim ki.
Düz görürəm işimi,
Pozmaram vərdişimi,
Namərdi, nakişini,
Axı necə öyüm ki.
BU QIZ
Nə qəşəng camalı var, sanki bir ceyrandı bu qız,
Nə qəşəng bir pəridi, ətirli reyhandı bu qız,
Nə qəşəng ləhcəsi var, necə mehribandı bu qız,
Nə qəşəng geyinibdi, elə bil şükrandı bu qız,
Nə qəşəng yerişi var, elə bil sultandı bu qız.
Nə qəşəng Aydı, Gündü, yerin, göyün bəzəyidi,
Nə qəşəng yaranıbdı, sanki cənnət çiçəyidi,
Nə qəşəng canlar alır, Tanrının bir mələyidi,
Nə qəşəng baxışı var, dünyanın tül-ipəyidi,
Nə qəşəng dürdanədi, mürşüdi-xubandı bu qız.
Nə qəşəng saçları var, elə bil ki şəlalədi,
Nə qəşəng gözləri var, yanaqları al lalədi,
Nə qəşəng duruşu var, müqəddəs bir ilahədi,
Nə qəşəng nur çiləyir, Aya, Günə bir halədi,
Nə qəşəng siması var, qaşları kamandı bu qız.
Nə qəşəng bəzənibdi, elə bil ki, bir yaz gəlib,
Nə qəşəng deyib, gülür, ömrümüzə bir naz gəlib,
Nə qəşəng nəğmə deyir, gör nə gözəl avaz gəlib,
Nə qəşəng qəlb oxşayır, sanki bir sehirbaz gəlib,
Nə qəşəng ruh oynadır, hakimi loğmandı bu qız,
Nə qəşəng gülüşü var, ağlımı başımdan alır,
Nə qəşəng naz eyləyir, aşiqi odlara salır,
Nə qəşəng nazənindi, görəndə dərd-qəm azalır,
Nə qəşəng sevgilidi, hərdən bir xəyala dalır,
Nə qəşəng, Əziz Musa dərdinə dərmandı bu qız.