bu dünyada sevgilər,
boyuma biçilmədi.
ya dar oldu əynimə,
ya qəlbimə gen gəldi.
əllərim yalın qaldı,
gülüşüm isinmədi.
dünya yığdım köksümə,
ürəyim kiçilmədi.
bu dünyada sevgilər
boyuma biçilmədi…
suyuna şəkər qatdım,
göz yaşım içilmədi.
gələn boğuldu qaldı,
selindən keçilmədi.
bu dünyada sevgilər,
boyuma biçilmədi.
sənə uzanan yollar,
dağ oldu, keçilmədi
özüm seçildim bəlkə,
kədərim seçilmədi…
dərzisi yarıtmadı.
biçilən sevgilərin
ya dar oldu əynimə,
ya qəlbimə gen gəldi.