HƏLƏ ÜRƏYİNDƏ DƏRDİ CAVANDI

Titrədi əlində qələm-kağızı,
Misrası cavandı, bəndi cavandı.
Qonşu məhəllədə bir qız görübdü,
Sevgidə cücərən dəndi, cavandı.

Nə qədər havanın dəmin tutacaq,
Zilini tutacaq, bəmin tutacaq,
Nakam bir sevginin qəmin tutacaq,
Sərəcək sinəyə, tərdi, cavandı.

Ömrümü, günümü yaşadı mənə,
Dərdim ki, tək deyil, qoşadı mənə,
Vallahi, bu oğlan oxşadı mənə,
Hələ ürəyində dərdi cavandı.

01.05.2016

O QIZI ALMAĞA PULUM OLMADI

Kəsəcək yolumu məhlə uşağı,
Gəldim ki, almağa dərs küçənizdən,
Qoy axsın üstümə ağzımın qanı,
Bilərək gəlmişəm tərs küçənizdən…

Bazarlıq etdilər bəzi atalar,
İçi boş, sevgisiz ürək satdılar.
Elə bil qoyunun yağlı yerindən,
Kəsib tikəsini itə atdılar.

Sevgi var ucuzdur, qəpiyə dəyməz,
Sevgi var villalı, içi bahalı.
Bir kəsin görməyən, duya bilməyən,
Ürək gəzdirirəm içi yaralı.

Həyat yıxdı məni, üzüstə gəldim,
Sevgimə çatmağa yolum olmadı.
Qarıdı, qocaldı, soldu arzular,
O qızı almağa pulum olmadı.

23.04.2016