Hər söz gəzdirənin, ağzı göyçəyin,
Felinə uymadım, düşmədim tora.
Qanqalın, tikanın, gülün, çiçəyin,
Şirəsini çəkdim, yetişdim kara.
Qabığım soyuldu, çıxdım dərimdən,
Adımı qoruyub saxlamaq üçün.
Kimlər gəlib keçdi həndəvərimdən,
Mənə tən olmaqçün, haxlamaq üçün.
Ağzımdan, dilimdən ələnib keçir,
Xəlbirdən ələnən dən kimi sözüm.
Sözbazlar söz gəzir, dilənib keçir,
Məndən nə istəyir bilmirəm özüm.
Quluna dönmüşəm arzularımın,
Arzumla imkanın çox uzaq düşüb.
Üfüqü görünmür yazılarımın,
Şeirin hər bəndinə bir boyaq düşüb.
Elə simsar tapım halıma yansın,
Polad, təkbaşına baş olan hanı?
Eynimə gün doğsun nura boyansın,
Dağılsın başımdan dərdin dumanı.
25.12.2015