rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

Götürüb xəyallarımı
qapadacağam,
Qaranlıq tənha bir otağa.
Qoymayacağam məni götürsünlər,
gah arana,gah da dağa.
Xatirələrimə qoyacağam qadağa.
Deyəcəyəm:-yetər artıq,
məni rahat qoysunlar.
Gecəsi-gündüzü olmayan,
üzülmüş xəstə canınımı.
cəllad kimi az soysunlar.
Bəlkə onda rahat düşünəm,
rahat yazam,rahat yaradam.
yaxamdan əl çəksin
nisgilim,dərdim,qadam.
Baş barmağın isladaraq,
xəyallarım bir-birini,
varaqlasın varaq-varaq.
Xatirələr bəhsə girsin,
əlli yaşlı bir yaddaşı oyadaraq.
Həmin otaq mənsiz belə,
dönəcəkdir mənlə dolu
bir dünyaya.
Həvəslənmiş xəyallarım,
qağayıtək baş vuracaq
gah dənizə,gah da çaya.
Bu otağa toplaşacaq görün-
kimlər?…
açılacaq çoxlu sirlər,
qırılacaq neçə illik tilsimlər.
Uşaqlığım,cavanlığım,uzaq keçmiş,
neçə şirin,neçə acı
anlar,günlər,aylar,illər,
Sanki bunlar yoxmuş,heçmiş.
Bir də ,həyata keçməyən,
nə qədər arzum.
Sevdiklərim tərəfindən
tapdanmış haqqım,
basılmış çörəyim,duzum.
Sığışmazlar xəyallarım yerə-göyə,
Qoy özləri mənsiz qalsın,
baş çəksinlər bir-birinə,
qapıların döyə-döyə.
Istərlərsə, bir-birini söyə-söyə.
Təki məndən əl çəksinlər,
tənha qalım özüm ilə.
Xidmət edim Yaradana,
xidmət edim vətənimə,
qələmimlə,sözüm ilə…