em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru

ƏSGƏR ANASI

Gecələr yuxusu çəkilər göyə,
Gözünü yollara, izlərə dikər,
Birdən əsgər oğlu qayıdar deyə,
Süfrədə oğlunun payını çəkər.

Evinin qapısın bağlamaz heç vaxt,
Pəncərə önündə xəyala dalar,
Qar, yağış yağanda olar narahat,
Bir əsgər görəndə gözləri dolar,

Gözünün yaşını gizlicə silər,
Qəlbini yandırar şəhid xəbəri.
Hərdən xəyalına ölüm, qan gələr,
Dirigözlü açar hər gün səhəri.

İsti yatağında qızışa bilməz,
Axı səngərdədi sevimli oğlu.
Qürurlu gəzsə də, ürəyi gülməz,
Bilir hamar deyil əsgərin yolu.

Allaha yalvarar o, gecə-gündüz,
Oğlunun şəklini oxşayar hər gün.
Gözaltı eyləyər qonşuda bir qız,
Ehtiyat toplayar toy, düyün üçün.

Oğlu əsgərliyə gedəndən bəri,
Hanıya can deyər, xoş dinər ana.
Gələr qulağına güllə səsləri.
Əsən bir mehdən də diksinər ana.