SƏN SEVƏNİN NAZIYAM
Elə gəldin qəlbim gülşən, gül oldu,
Dedim allah, bu bağçanın yazıyam.
Yar yolunda dara məni çəksələr,
Gündə ölüb dirilsəm də razıyam.
Telin sazda sarı simdir ay allah,
Görən deyir bu qız kimdir, ay allah,
Çal mizrabı, asta dindir, ay allah,
Sinən üstə sən gözəlin sazıyam.
Unutmuşam bu dünyanın dərdini,
Gül üstünə açıb sərdim dərdimi,
Sinən üstə axan inci tərdimi,
İndi gəl çək, sən sevənin nazıyam.
02.11.2015
BƏLKƏ BİR GÜN GÖRÜŞDÜK
Tanrı yazan bu yazıya nə deyim,
Ayrılığın son anını bölüşdük.
Məndən saxla bu şeiri xatirə,
Qismət olar, bəlkə bir gün görüşdük.
Sənə sevgim tükənmədi, bitmədi
Çətin sönər, bir ümmandı, dənizdi.
Keçənlərin, olanların hər anı,
Mənim üçün necə doğma, əzizdi.
Donub qaldı gözlərində gozlərim,
Bu sevgiyə necə qıydın, bilmədim.
Mən ki, sənə ürəyimi vermişdim,
O ürəyi necə qırdın, bilmədim.
Bir gün gələr ağrıyanda ürəyin,
Sözlərimi bir həb kimi içərsən.
Peşmanlığın qapısında duranda,
Bu şeiri göstərib sən keçərsən…
Tanrı yazan bu yazıya nə deyim,
Ayrılığın son anını bölüşdük.
Məndən saxla bu şeiri xatirə,
Qismət olar, bəlkə bir gün görüşdük.
27.11.2014