ts

YALANSA SEVGİN…

Əgər yalansa sevgin,
Baxıb gözün içinə,
Söyləsəydim əlvida,
Həsrət çəkərmi qəlbin?

Fikrim səni unutmaq,
Get görünmə gözümə.
Könlüm qəmlə yanarsa
Bəs eyləməz dözümə.

İnanmıram bir daha,
Sevə bilim kimsəni.
Sevən ürək fərqlidir,
Çox istərdim bilməni.

Sevgi sədəqə deyil,
Külünü yelə verin.
Yalvarmayın kimsəyə,
Aman, məni sev deyə!!!

SƏNDƏN NİGARAN…

Bir əlçim buludam, yaman dolmuşam
Yağaram selləmə, selə dönərəm.
Sellərə qarışıb, axsam da yenə,
Buraxma əlimi yenə dönərəm..!

Dönərəm yoluna, səpilmək üçün
Dərdinə qarışıb, çəkilmək üçün
Toxum tək düşərəm, qəlbinə yenə,
Cücərib yenidən, əkilmək üçün.

Gözümün yaşı da, axan sel kimi,
Söndürüb ocağı, közə dolacaq.
Səssizcə əriyər, yandıqca yanıb.
Tüstüsü ovcumda, gözə dolacaq.

Bilmirəm bu ürək, nədən nigaran
Sənsizdi, bəlkə də, qəmdən nigaran.
Səslərin içində, bir səs eşitsən,
Qəlbimin səsidir, səndən nigaran.

31.01.2015.