Müasir tədris və təlim müəllimdən əyanilik və bununla yanaşı dərsə emosionallıq və rəngarənglik qatmağı tələb edir. Qeyd etdiyimiz meyarlara əsaslanan fəal təlimin təşkilində Promethean interaktiv lövhələri müəllimin əvəzolunmaz köməkçisidir. Activİnspire proqramında hazırlanmış resurs müəllimin dərsinə rəngarənglik qatır, əyaniliyi təmin edir. Fəal-interaktiv təlimin tələblərinə uyğun dərsin təşkili prosesini asanlaşdırır. Dünya statistikasına nəzər salsaq, görərik ki, ən keyfiyyətli dərslərdə nəzəriyyəyə nisbətən təcrübəyə daha çox üstünlük verilir. Bu lövhələr biliklərin təcrübə əsasında qazanılmasına zəmin yaradır.
Promethean interaktiv lövhələrində hazırlanmış elektron dərs şagirdin diqqətini cəmləməyə imkan verir, qavrama qabiliyyətini artırır. Bu lövhələrin digər lövhələrdən üstün cəhəti iki interfeyzinin olmasıdır. İbtidai siniflər üçün nəzərdə tutulmuş Activ primary interfeyzi şagirdin özünü sanki sehrli bir aləmdə hiss etməyə sövq edir. Bununla da dərsə daha böyük maraq, rəngarənglik qataraq effektivliyi artırır.
Promethean interaktiv lövhələrindən istifadə edən müəllim təlim prosesində əlavə vasitələrə çox az müraciət edir. Artıq təlimdə plakatlardan, stikerlərdən, rəngli markerlərdən və əlavə silgidən istifadəyə ehtiyac qalmır. Bütün bu imkanlar hamısı Activinspire proqramının daxilində nəzərə alınmışdır. Bu lövhə vasitəsilə müəllim əyanilik üçün şagirdə keçəcəyi mövzunu əhatə edən şəkillər, səs faylları, videoçarxlar təqdim edə bilər. Promethean interaktiv lövhələri xüsusi imkanlara malikdir. Bu imkanlardan biri də riyazi alətlərin proqram daxilində istifadə olunmasıdır. Ehtiyac duyulduğu anda riyazi alətlər – transportir, pərgar, xətkeş asanlıqla lövhəyə gətirilə və dərs prosesində istifadə oluna bilir. Bu alətlərin obyektlərin, şəkillərin ölçüsünü böyütməklə hətta arxa sıralarda əyləşən şagirdlərin dərsdə aktivliyini, diqqətinin cəmlənməsini təmin etmək olar. Promethean lövhələrinin imkanları bununla bitmir, əlavə funksiyalardan istifadə etməklə müəllim fasilitator rolunu oynayaraq istiqamətləndirici olub şagirdin tədqiqatçı olmasına şərait yarada bilər. Məsələn, sehirli qələm, konteyner, gizlilik kimi funksiyalar şagirdin araşdırma nəticəsində doğru cavab tapmasına kömək edir. Bununla da şagird təkcə cavabın tapılması deyil, eləcə də problemin tədqiqi prosesində iştirak etdiyi üçün onu daha yaxşı anlayır və yadda saxlayır.
“Promethean interaktiv lövhələrinin tədrisə tətbiqi” təliminin təlimçisi olaraq deyə bilərəm ki, şagirdlər kimi müəllimlərin də bu lövhəyə münasibəti çox yaxşıdır. İKT bacarığı olan müəllimlər lövhənin üstünlüklərini öyrənir, fərqli elektron dərs nümunələri hazırlayır və dərslərində tətbiq etməklə onun tədris prosesinə nə qədər müsbət təsir göstərdiyinin şahidi olurlar. Bunun sayəsində hətta sadə İKT bacarığı olmayan müəllimlər məhz elektron lövhənin imkanlarından yararlanmaq üçün könüllü olaraq ilkin mərhələdə İKT kurslarından keçərək ikinci mərhələdə Promethean lövhələrinin istifadə qaydalarını öyrənir və dərslərində geniş istifadə edirlər. Keçdiyim təlimlərdə iştirak edən müəllimlərin fikirlərinə əsaslanaraq deyə bilərəm ki, bu gün Promethean interaktiv lövhəsi ondan istifadə edən hər bir müəllimin dərsinin əvəzedilməz köməkçisidir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi təhsilin keyfiyyətini artırmaq, qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırmaq məqsədilə təhsilalanlar və təhsilverənlər üçün elektron resursların hazırlanması istiqamətində müvafiq layihələr və tədbirlər həyata keçirib. Görülən tədbirlər çərçivəsində hazırlanmış elektron resursları bir mənbədə cəmləyərək təhsil portalı yaradıb. Portal vasitəsilə hər bir istifadəçi elektron dərsliklərə, videodərslər, elektron tapşırıqlar və digər elektron resurslara çıxış əldə edə bilər.
Videodərslərin evdə istifadəsində diqqətçəkən bir məqam var. Bəzən valideynlər bunu birmənalı qarşılamır. Buna səbəb onların elektron dərs resursları, yəni www.e-resurs.edu.az saytı haqqında kifayət qədər məlumatının olmamasıdır. Bildirmək istəyirəm ki, elektron resurslar portalı kifayət qədər zəngindir. Burada videodərslərlə yanaşı, elektron dərsliklər, e-test, elektron tapşırıqlar, xarici elektron resurslar, intellektual oyunlar və s. var. Lakin bu haqda məlumatı olan valideyn və müəllimlərin sayı qənaətbəxş deyil. Düşünürəm ki, burada əsas iş məktəb və sinif rəhbərlərinin üzərinə düşür. Valideynlər arasında maarifləndirmə işləri görülməli, bu resursların təqdimat çarxı onlara nümayiş etdirilməlidir. Hər bir valideyn övladının təhsil sahəsində irəli getməsini, nailiyyətlər qazanmasını istəyir. Əgər valideyn bu portalın onun övladına biliyini genişləndirmək və möhkəmləndirməkdə nə dərəcədə müsbət təsir edəcəyini bilsə, bu məsələyə səthi yanaşmaz, əksinə, övladına dəstək olar. Biz bu təcrübəni işlədiyim 193 nömrəli tam orta məktəbdə sınaqdan keçirdik. Pedaqoji şuranın iclasında ilk öncə müəllimlərə bu resurslar portalı haqqında məlumat verərək, üstünlüklərindən danışdıq. Maraqlı müzakirələr aparıldı. Daha sonra eyni təqdimatda sinif rəhbərləri valideynlər arasında maarifləndirmə işləri apardı. Bir sinif rəhbəri olaraq qeyd edim ki, şagirdlərim valideynlərin dəstəyi sayəsində bu portaldan geniş istifadə edir.
Təhsil Nazirliyi tədris sistemində qabaqcıl müəllimlərin dərslərini videoçəkiliş edərək interaktiv texnologiyaları tətbiq etməklə şagirdlər üçün maraqlı videodərslər yaratmışdır. Əgər şagird dərs zamanı hər hansı mövzunu yaxşı dinləyə bilməyibsə, başa düşməyibsə və ya müəyyən səbəblərdən dərsdə iştirak etməyib və bununla da keçirilən mövzu ilə bağlı heç bir anlayışı yoxdursa, bu zaman o, internet vasitəsilə videoportala daxil olub müvafiq fənni seçməklə həmin mövzunu tapıb izləyə bilər. Videodərslərin adi dərsdən əsas üstünlüyü odur ki, şagird bu dərsləri bir neçə dəfə təkrar izləmək imkanına malikdir. Bununla da şagird dərsi tam mənimsəyənə qədər təkrar izləyə bilər. Bu da şagirdin dərsi anlama keyfiyyətini artırır. Şagird hər videodərsi dinlədikdə ona bir neçə test təklif olunur, bu testləri cavablandırmaqla sonda topladığı bala əsasən dərsi nə dərəcədə mənimsədiyini anlaya bilər. Videodərsləri məktəbdə tədris prosesində də istifadə etmək olar. Bu artıq müəllimin yaradıcı yanaşmasından asılıdır. Dərs dediyim siniflərdə şagirdlər E-test.edu.az saytına daxil olaraq elektron testlər həll etməklə reytinq cədvəlində önə keçməyə çalışırlar. Bu da nəticədə biliklərin həm mənimsənilməsinə, həm də möhkəmlənməsinə gətirib çıxarır. Hər həftə sonu sinfin təşkilatı saatlarında həftə ərzində öndə gedən şagirdlər qalib elan edilir. Bununla da şagirdlərin portala marağı daha da artır.
Yenilikləri asanlıqla qəbul edən gənc nəsil, bu gün bu yenilikləri məktəbdən və müəllimlərdən də gözləyir. Bu yenilik məhz şagirdləri yeni bir aləmə aparan Promethean lövhədir. Bu lövhədə maraqlı, rəngarəng ,bir-birinə bənzəməyən dərslər hazırlamaqla onların marağını artırmaq, diqqətini cəlb etmək olar. Müasir dövrün müəllimi daim üzərində çalışmalı, yenilikləri öyrənməli, axtarışda olmalı, öyrədici təlimlərdə tez-tez iştirak etməlidir. Bir müəllim olaraq bu yaxınlarda keçdiyim “Elektron məktəb üçün elektron müəllim” təlimində böyük təcrübə topladım. Belə ki, təlimdə “Elek-tron məktəb üçün elektron müəllim hazırlığının ən vacib aspektləri”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, “Distant – məsafədən təhsil zamanı virtual sinfin yaradılması. Distant təhsilin keçirilməsi yolları”, “İKT-nin pedaqoji sahədə tətbiqi imkanları”, “İKT-nin şagirdlərdə informasiya mədəniyyətinin formalaşdırılmasında rolu”, “İKT, ev, məktəb və mədəniyyət”, “Sosial şəbəkələr və təhsil”, “Veb texnologiyalar”, “Elektron dərslərin hazırlanması mexanizmi” və s. mövzular əhatə olundu. Bununla yanaşı, müəllimlərə kiçik mühazirə, təqdimat, müzakirə, “workshop”, debat və müxtəlif Veb texnologiyalarından istifadə, onların təlim tətbiq qaydaları öyrədildi. Bu və digər öyrədici təlimlər müəllimlərin təlim prosesində istifadə edəcəyi resurs bazasını artırmaqla şagirdlərin də dərsə marağının artmasına səbəb olur.
Yeri gəlmişkən qeyd edim ki, bu məsələlərlə bağlı avqustun 10-12- si tarixlərində Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan Federal Universitetinin Elabuqa İnstitutunda keçirilən yaradıcı müəllimlərin VI beynəlxalq festivalına da məlumat vermiş və dərs nümunəsi nümayiş etdirmişəm. Promethean interaktiv lövhəsi üçün nəzərdə tutulan elektron dərs nümunəsində təqdim edirəm. Çalışdım ki, Azərbaycan təhsilində istifadə etdiyimiz metodların, texnologiyaların tətbiqi ilə hazırladığım dərslə xarici ölkə müəllimləri qarşısında ölkəmizi layiqincə təmsil edim. Müasir tədrisdə İKT -nin tətbiqi ilə hazırladığım dərs nümunəsində müxtəlif web texnologiyalardan, proqramlardan istifadə etməklə interaktiv tapşırıqlarda tətbiqi qaydalarını, Activİnspire proqramının köməyilə hazırladığım tapşırıqları işləyərkən şagird fəallığını əks etdirən görüntülərdən ibarət slideshow nümayiş etdirdim.
Əgər biz XXl əsrdə yaşayırıqsa, deməli, zamanın tələbi ilə uzlaşmaq lazımdır. Zamanın müəllimi yaradıcı, peşəkar, öz üzərində çalışan, təkmilləşən olmalıdır. Düşünürəm ki, müəllim öyrətmək üçün ilk öncə özü öyrənməlidir. Bu zaman həmin müəllimin dərsinin keyfiyyəti fərqlənəcək və gələcəyimiz üçün potensiallı, bilikli, dünyagörüşlü şəxsiyyət yetişdirəcək.