Fevralın 24-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi və Azərbaycan Tarixçiləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş “Xocalı: soyqırım tariximizin son faciəsi” adlı elmi konfrans keçirilmişdir.
Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri Ramiq Vəliyev tədbirin açılışını etdikdən sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və dövlət himnimiz səsləndirilmişdir.
Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Xocalı soyqırımına həsr olunmuş konfransda açılış nitqi ilə çıxış etmişdir. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qəsbkar ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri dəhşətli qırğınlardan danışıb: “Xocalı soyqırımı Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biridir”.
O, bildirdi ki, Xocalı faciəsi 200 illik qanlı tariximizin son soyqırımıdır: “Məkrli ermənilər “Böyük Ermənistan” yaratmaq xülyası ilə zaman-zaman işğalçılıq, qəsbkarlıq siyasəti aparmışlar. Əsrlər boyu, xüsusilə 1918-ci ildə ermənilər Bakıda, Qubada, Şamaxıda, Lənkəranda və digər şəhər və rayonlarımızda xalqımıza qarşı soyqırımı həyata keçirib, minlərlə insanı – qoca, qadın, uşaq və gəncləri qanlarına qəltan ediblər”.
Y.Mahmudov qeyd etdi ki, bizim məqsədimiz bu gün ağır və dəhşətli cinayəti yada salıb ruh düşkünlüyü yaratmaq deyil, bunlardan ibrət dərsi almaqdır: “İbrət dərsi ondan ibarətdir ki, Azərbaycan xalqı vahidləşməli, birləşməlidir. Bütün dünya azərbaycanlıları üçün bir vətən var, o da Qarabağdır. Həmin vətəndən düşmən qovulub, məhv edilib çıxarılmalıdır”.Daha sonra tədbirdə Türkiyənin keçmiş təhsil naziri, Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (YTSAM) rəhbəri Həsən Cəlal Gözəl, Türkiyənin İpək Universitetinin İnsan və Cəmiyyət Elmləri fakültəsinin dekanı Kamal Çiçək, Türkiyənin millət vəkili Mücahit Daloğlu çıxış etdilər.Tədbirdə çıxış edən Milli Məclisin deputatı Elman Nəsirov isə bildirdi ki, Xocalı soyqırımı həm də beynəlxalq terror aktıdır: “Xocalı soyqırımında beynəlxalq terrorizmi şərtləndirən bütün amillər mövcuddur”.
Elmi konfransda tarixçi-alimlər Nazim Mustafanın “Ermənilərin 1905-1906-cı illərdə Cənubi Qafqazda azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar”, İlqar Niftəliyevin “1918-1920-ci illərdə İrəvan quberniyasında azərbaycanlıların soyqırımı”, Natiq Məmmədzadənin “1918-1920-ci illərdə Azərbaycanın Qarabağ bölgəsində azərbaycanlıların soyqırımı”, Vaqif Abışovun “Bakı qəzasında türk-müsəlman soyqırımı”, Güntəkin Nəcəflinin “1917-1920-ci illərdə Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgəsində ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımlar”, Kamran İsmayılovun “Zəngəzur bölgəsində azərbaycanlıların soyqırımı (1918-1920-ci illər)”, Cəbi Bəhramovun “Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş 1918-ci il Mart soyqırımının davamıdır” və İradə Məmmədovanın “1917-1920-ci illər İrəvan bölgəsində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları Türkiyə arxiv sənədlərində” mövzularında məruzələri maraqla dinlənilmişdir.
Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin Mətbuat xidməti