Fevralın 25-də «Azərikimya» İstehsalat Birliyinin akt zalında Heydər Əliyev Fondu və şəhər İcra Hakimiyyəti ilə birgə Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş geniş tədbir keçirilmişdir.

«Azərikimya» İB ilə yanaşı Sumqayıt şəhərində fəaliyyət göstərən idarə və müəssisələrin, təhsil və mədəniyyət ocaqlarının, kütləvi informasiya vasitələrinin nüma­yən­də­lə­rinin də iştirak etdiyi xatirə tədbirində öncə Xocalı soyqırı­mı qurban­larının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhlarına dualar oxunmuşdur.

1992-ci il il fevralın 26-na keçən gecə Er­mənistan silahlı qüvvə­lərinin Xocalı şəhərində törətdikləri soyqırım haqqında iştirakçılara geniş məlumat verilən tədbirdə Ümummilli lider Heydər Əliyevin “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” sözləri bu faciəyə verinən ən yüksək qiymət kimi dəyərləndirilmiş, hələ 1994-cü ildə ulu öndərin təşəbbüsü ilə Milli Məclisin “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdiyi, 26 fevral günü – “Xocalı soyqırımı və milli matəm günü” kimi qəbul olunaraq, bütün beynəlxalq təşkilatların bu barədə məlumatlandırıldığı vurğulanmışdır.

İki əsrə yaxın bir dövr ərzində ermənilərin işğalçılıq siyasətini araşdırmaqla məşğul olan və bununla bağlı kitablar, silsilə məqalələr dərc etdirən şair-publisist, dramaturq, Sumqayıt Dövlət Universitetinin müəllimi Əvəz Mahmud Lələdağ çıxış edərək ermənilərin məkrli işğalçılıq və soyqırım siyasətinin geniş təhlilini vermişdir.

Anım mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən etibarən həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası bu istiqamətdə atılan mühüm addım kimi dəyərləndirilmiş, bu kampaniya çərçivəsində araya-ərsəyə gələn və bir sıra Avropa ölkələrində yayımlanan, Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş uşaqların faciəsinə həsr olunmuş “Böyüməyən uşaqlar” filmi iştirakçılara təqdim olunmuşdur.

Sonda Heydər Əliyev Fondunun layihə-koordinatoru, “Xocalıya ədalət” Beynəlxalq Kampaniyası İctimai Birliyinin baş mütəxəssisi Fərid Cəfərov bu kam­paniya çərçivəsində görülən işlər, həyata keçirilən tədbirlər haqqında geniş məlumat vermiş, iştirakçıların bir sıra suallarını cavablandırmışdır.

Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidməti