rufat

Rüfət Axundlu 1983-cü ildə Ağstafa rayonunun Həsənsu kəndində doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.İxtisasca teatrşünaşdır.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.Gənc Ədiblər Məktəbi”nin müdavimidir. AYB və DGTYB üzvüdür.Prezident təqaüdçüsüdür.

* * *

Sevda bizim üçün oyuncağıymış,
Sən demə, oynayıb baş qatırıqmış.
Oynada-oynada bu oyuncağı,
Məcnunun ruhuna daş atırıqmış.

Yalanla dolu bir məhəbbət üçün,
Min hiylə, min dona girə bilmişik,
Hələ söylənməyən həqiqət üçün,
Nələri biz qurban verə bilmişik.

Nələri itirib, nəyi tapmışıq?
Bunu nə sən bilir, nə mən bilirəm.
Yalan süstlüyündən ayılmamışıq,
Hər yeni günümü dünən bilirəm.

Bizə bu sevdadan nə pay düşdü ki?
Ürəyin atəşi söndü günbəgün.
Gözüm gözlərinə çox öyrəşdi ki,
Əsl həqiqəti axtarmaq üçün.

Sevda bizim üçün oyuncağıymış,
Sən demə, oynayıb baş qatırıqmış.
Oynada-oynada bu oyuncağı,
Məcnunun ruhuna daş atırıqmış.

Görmədimi

Tarixlərdən qopan eşqim,
Yaddaşlara hopan eşqim,
Varlığımı tapan eşqim,
Məni məndə görmədimi?!

Xəzan olmuş bağ kimiyəm,
Haqq deyiləm, haqq kimiyəm,
Əyilməyən dağ kimiyəm,
Çəni məndə görmədimi?

Yoxdu səndə qayda, qanun,
Dayansam da bəzən susqun,
Dəli deyib, dəli Məcnun,
Ünü məndə görmədimi?

Dərd əyləşib dərd üstündə,
Dərdim tarix yeni gündə,
Köhnə Fərhad külüngündə
Yeni məndə, görmədimi?

Demə, sənsiz azadmışam,
Səni azad yaşatmışam,
Mən məndə sən yaratmışam,
Səni məndə görmədimi?

Gizlənmişəm

Bir yerdə bənd almayan,
Köçümdə gizlənmişəm.
Mən bu qamət, bu boyda,
Biçimdə gizlənmişəm.

Qaraya ağ demişəm,
Nahaqqa haqq demişəm,
Haqqa nahaqq demişəm,
Suçumda gizlənmişəm.

Özümdən geri qaçıb,
Qırxımdan diri qaçıb,
Yeddimdən bəri qaçıb,
Üçümdə gizlənmişəm.

Tarixi daşlaşdırıb,
Ruhumu yadlaşdırıb,
Genimi kodlaşdırıb,
Saçımda gizlənmişəm.

Çöl üzümdə biçim var,
Aralıqda seçim var,
“İki dünya” içim var,
İçimdə gizlənmişəm.

Gedirəm

Taleyimdən söz açandan,
Hər gün yeni iz açandan,
Bu dünyaya göz açandan,
Qoymadılar Tam olmağa.

Yanır bağrım, yanır niyə?
Ümid qalıb bu taleyə,
Pərvanə yaşasın deyə,
Ürək qaçır şam olmağa.

Sözümdə haqq, dilimdə haqq,
Nahaqlara zülümdü haqq,
Əzəmətli ölümdü Haqq,
Hazıram edam olmağa.

Əcəl iş-gücünü atıb,
Məni yaman dilə tutub,
Vədə yetib, məqam çatıb,
Gedirəm adam olmağa.