10646868_273655359498567_6620189188081019440_n

Ürək məndən yuxarı

Şair Ramiz Rövşənə

Bundan sonra boy atmaz,
Dərdimə nəşə qatmaz…
Arzularım əlçatmaz,
Dilək məndən yuxarı.

Özünü edib əsir,
Görən hara tələsir?
Başım üstündən əsir-
Külək məndən yuxarı.

Nə həliməm, nə sərtəm,
Başdan-ayağa dərdəm.
Çiynimi sıxır hərdən
Mələk- məndən yuxarı.

Niyə uzaqdan baxır?
Sirrini duydum axır.
Min cür oyundan çıxır
Fələk-məndən yuxarı.

…Könül, şeir yaz ancaq,
Qaynasın boş qazançan.
Əlim yetmir qazanca,
Çörək məndən yuxarı.

…Şair tənhadı, təkdi,
Bu nə qayğı, köməkdi?
Dilim yaman gödəkdi,
Ürək məndən yuxarı.

Tanrım, bu nə məkandı?
Şairi laməkandı.
Sağım, solum tikandı,
Bir yeni cənnət yarat:
Gül ək məndən aşağı,
Gülək məndən yuxarı.

16.10.2014

* * *

Hər günümüz beləcə,
Çox ağır olsa, heç nə!
Qəm yükündən ,,çiynimiz”,
Hey yağır olsa, heç nə!

Dəm vururuq şərəfdən,
Fəqət, doymuruq nəfdən.
Ata-Ana tərəfdən,
Kim sağır olsa, heç nə…

Üzüldük qəmdən, ahdan
Baxmır bizə Allah da…
Bu gün matəm, sabahdan
Çal-çağır olsa, heç nə!….