n

Gərək

İnsanlıq pul ilə ölçülmür, qağa,
İnsanlıq insanın canında gərək.
İnsan insanlığı bazardan almaz,
Cismində, ruhunda, qanında gərək.

İnsan var hər işi insan əməlli,
İnsan var açıqdı hər sözü bəlli.
İnsan var yaranıb şeytan təməlli,
İnsan var cox çətin anında gərək.

İnsan var yalqıza dayaqdı darda,
İnsan var nur saçır boranda, qarda.
İnsan var atasan hey yana “narda”,
İnsan var Nailin yanında gərək.

24.12.2015.

* * *

Oğrun- oğrun nə baxırsan aşiqə?,
Aşiqini yandırarsan, ay maral.
Aşiqinin pünhan olan eşqini,
Seyrağuba qandırarsan, ay maral.

Səni gördüm sınıq könlüm saz oldu,
Səndən mənə bir hədiyyə naz oldu.
Sən güləndə xəyallarım yaz oldu,
Qışı bahar sandırarsan, ay maral.

Nail deyər gül cəmalın nə xoşdu,
Aşiqin var sənsiz halı naxoşdu.
Gözəlliyin bu könlümə naxışdı,
Birdən könül sındırarsan, ay maral.