teranexanim

Filologiya üzrə fəlsəfə doktoru, dosent
Prezident təqaüdçüsü

Sabahın xeyir, Roma!
Qarlı qışın ortasında
gülümsəyən günəşinlə
dünyanın hər pisliyindən
uzaq sabahın xeyir!
Şərin kölgəsin doğrayan
qılıncların parladığı
Pompey yurdu,
zülümlərə yasaq sabahın xeyir!
Başı göylərə ucalan Eşq çeşməsi,
arzular səltənətində
sevənlərin niyyətində
çağlayan suların xeyir!
Sabahın xeyir, Roma,
Kolizey yolundakı əl-ətəyi dopdolu,
meyvəsinə qıyılmaz narıngi ağacları,
nə yaxşı ki, bilmirsiz
ədalətsiz savaşda
dərilir səbət-səbət
ömrümüzün tacları –
körpə-körpə uşaqlar.
Sabahın xeyir, Roma,
Qədim, ulu Vatikan!
Dövrəndə xoşbəxt həyat,
Pozulmasın bu növraq,
görməyəsən nahaq qan!
Ey Marçello teatrının
sükuta dalmış səhnəsi, beləcə qal!
İndi dünya səhnəsində
gedən oyunlardan uzaq.
O bəmbəyaz ovsuna sal ruhumuzu,
ölməz şöhrətindən yazaq.
Sabahın xeyir, Roma!
Bir ovuc ümid səpirəm
fevralda lalə qızaran torpağına,
cücərib min budaq olsun.
Şeir dəyişmədi bizi,
İnsanlığa sevgi yazım
göyərən hər yarpağına,
bəlkə… bəlkə qanadlanıb
bəşərə göz-qulaq olsun.
Sabahın xeyir, Roma!
Sabahın xeyir, Roma!

Roma, 18 fevral, 2016.