rxd

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

POEZİYA HEYRANI

Yaranmışam gərdişindən dünyanın,
Çalışmışam nəbzin tutam zamanın.
Dərk etmişəm dəyərini hər anın,
Şeiriyyətəm ruhu, canı, həm qanı,
Mən Dövranam, poeziya heyranı.

Allahıma, Quranıma, düz andım,
Qəlbdən süzən hər kəlməmi, düz sandım.
Dövran adın, qələmimlə qazandım,
Qəzəllərim bülbüllərin fəqanı,
Mən Dövranam, poeziya heyranı.

Vətən, Ana ətirlidi, hər sözüm,
Şeiriyyətdə öz cığırım, öz izim.
İstərəm hey könüllərə gül düzüm,
Doğma yurdda vəsf edərəm hər yanı,
Mən Dövranam, poeziya heyranı.

Qoşma, təcnis,müxəmməsim,bayatım,
Bölgüm, hecam,qafiyələr həyatım.
Hər misramda, var “Koroğlu”m, “Qırat”ım,
Namərdlərə dar edərəm meydanı,
Mən Dövranam, poeziya heyranı.

Təbb, ilhamım Günəşimdir, Ayımdır,
Parlaq qələm, Yaradandan payımdır.
Can sirdaşım, əhli- qələm, tayımdır,
Yalın əllə parçalayar qayanı,
Mən Dövranam, poeziya heyranı…

İLAXIR ÇƏRŞƏNBƏ

Çərşənbə qucanda doğma elləri,
Səmtini dəyişər səmum yelləri.
Titrər könüldəki duyğu telləri,
Ilaxır çərşənbə, son çərşənbədə.

Açar Novruzgülü, cəsur Qardələn,
Bənövşə naz satar, baxar köndələn
Butadır, qönçədir, gözə xoş gələn,
Ilaxır çərşənbə, son çərşənbədə.

Bəzənər incəbel, yaşıl səməni,
Haylayar ardınca çölü, çəməni.
Nərgizlər pardaqlar, qönçə düyməni,
Ilaxır çərşənbə, son çərşənbədə.

Novruzu, Baharı pişvaza dura,
Şor qoğal, paxlava, həm şəkərbura.
Gözəllər kökəyə naxış, gül vura,
Ilzxır çərşənbə, son çərşənbədə.

Çıxar qız- gəlinlər qulaq falına,
Niyyəti tutanın, nə xoş halına.
Fərəh, nəşə qonar kef, əhvalına,
Ilaxır çərşənbə, son çərşənbədə.

Başlanar “Kos- kosa”, duzlu, məzəli,
Kosanın dayanmaz, dinc durmaz dili.
Oynadar Keçini, həm də Keçəli,
Ilaxır çərşənbə, son çərşənbədə.

Dövran heyran- heyran, yandırar şamı,
Çağlayar ilhamı, coşar ilhamı.
Bal dadar hər kəlmə, misranın tamı,
Ilaxır çərşənbə,son çərşənbədə.