
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktor
(Birinci Vətən Qarabağ müharibəsində nişanlı şəhidimiz Mehmanın və onun yolunu hələ də gözləyən Sevda xanımın xatirəsinə )
Otuz iki il idi ki, kəndin girişindəki o köhnə yol hər səhər bir qadının baxışlarını özünə çəkirdi. Sevda yenə həyətin qapısını açıb astaca çölə çıxdı. Payız küləyi həyətin ortasındakı tut ağacının yarpaqlarını saraldıb yerə səpələmişdi. O isə hər zamankı kimi gözlərini uzaqlara dikmişdi. Elə bil o yolun sonundan bir azdan tanış bir siluet görünəcək, çiyinlərində əsgər çantası, üzündə utancaq təbəssüm ona doğru gələcəkdi.
Amma yol susurdu. Otuz iki ildir susduğu kimi…
Divardan asılmış köhnə çərçivədə gənc bir oğlanın şəkli vardı. Şəklin küncləri zamanın nəfəsindən saralmışdı. Şəkildəki oğlan gülümsəyirdi. Sanki hələ də iyirmi iki yaşında idi. Sanki müharibəyə yollanacağı gün çəkilmiş həmin şəkildə zaman dayanmışdı. Onun adı Mehman idi.
Birinci Qarabağ müharibəsinə gedəndə kəndin ən çox danışılan nişanlı cütlüyü idilər. Hamı deyirdi ki, müharibə qurtarsın, toyları olacaq. Sevda da inanırdı buna. Mehman gedəndə onun əlini son dəfə sıxıb demişdi:
— Qayıdacağam. Toyumuzu yarımçıq qoymaram.
Sevda həmin sözləri ürəyinin ən dərin yerində gizlətmişdi.
Sonra bir gün qara xəbər gəldi.
Dedilər Mehman şəhid olub.
Kənd ağladı, evlər ağladı, analar ağladı. Hamı zamanla yarasını sarıdı. Amma Sevda o gün ürəyində açılan boşluğu heç vaxt doldura bilmədi.
İllər keçdi. Fəsillər dəyişdi. Kənddə uşaqlar böyüyüb ata oldular. Ağaclar qurudu, yeniləri əkildi. Amma Sevda üçün zaman elə həmin gündə dayanıb qalmışdı. O hələ də gözləyirdi. Bəlkə Mehmanı yox… Bəlkə onun verdiyi sözü…Bəlkə də heç vaxt sönməyən bir sevgini.
Sevda hər səhər olduğu kimi həmin gün də şəklin qarşısında dayanmışdı. Çərçivənin şüşəsini ehmalca sildi. Bu, onun illərdir dəyişməyən adətlərindən biri idi. Şəklin üzərinə qonmuş toz dənələri ona elə gəlirdi ki, Mehmanın üzünə qonub.
— Yenə gəldim, Mehman… — deyə pıçıldadı.
Bu sözləri hər gün deyirdi. Elə bil evdə tək yaşamırdı. Elə bil qarşısında onu dinləyən biri vardı.
Kənddə hamı Sevdanı tanıyırdı. Uşaqlar onu “Sevda xala”, yaşlılar isə “vəfalı Sevda” çağırırdılar. Amma heç kəs onun gecələrini bilmirdi. Heç kəs bilmirdi ki, qaranlıq çökəndən sonra o, köhnə sandığı açıb Mehmandan qalan əşyaları bir-bir əlinə alır. Bir əsgər şəkli… Bir məktub…Bir də nişan günü taxılmış üzük… Otuz iki il ərzində yüzlərlə dəfə oxuduğu məktubu yenə açdı. Kağız saralmışdı. Bəzi hərflər silinməyə başlamışdı. Amma Sevda məktubu əzbər bilirdi.
“…Mən qayıdanda ilk işimiz toy tarixini müəyyənləşdirmək olacaq. Sən ağ gəlinlik geyinəcəksən. Mən də sənə baxıb deyəcəyəm ki, dünyanın ən gözəl gəlini mənimdir…” Sevdanın gözləri doldu. İnsan bəzən bir ömür boyu bir cümlənin əsiri olurmuş. Onun əsirliyi də bu sözlər idi. Bir vaxtlar qohumlar, qonşular çox israr etmişdilər.
— Qızım, həyatını niyə məhv edirsən?
— Mehman geri qayıtmayacaq.
— Gəncsən, ailə qur, övlad sahibi ol.
Sevda isə hər dəfə sakitcə başını aşağı salmışdı. Necə izah edəydi ki, sevgi bəzən insanın taleyinə çevrilir. Necə deyəydi ki, ürəyində bir nəfər yaşayanda başqasına yer qalmır. İllər keçdikcə insanlar da bu söhbətləri kəsdilər. Hamı onun seçiminə hörmət etməyə başladı. Amma Sevdanın içində bir sirr vardı. Bu sirri heç kim bilmirdi. O, heç vaxt Mehmanın öldüyünə tam inanmamışdı. Şəhid xəbəri gəlmişdi. Məzarı da vardı. Adı da abidəyə həkk olunmuşdu. Lakin Sevdanın qəlbinin dərinliyində qəribə bir hiss yaşayırdı. Elə bil kimsə ona pıçıldayırdı:
— Gözlə… Bir gün gələcək…Bir gün hər şey aydın olacaq… Bəlkə buna görə idi ki, o, hər qapı döyüləndə diksinirdi. Hər telefon zəngində ürəyi titrəyirdi. Hər dəfə küçədə uzaqdan əsgər geyimində bir adam görəndə nəfəsi kəsilirdi. Ümid çox qəribə şeydir. Bəzən insanı yaşadır. Bəzən də bir ömür boyu özündən asılı saxlayır.
Sevda isə otuz iki il idi ki, ümidlə yaşayırdı. Və bilmirdi ki, taleyin onun üçün saxladığı son məktub hələ açılmamışdı…
Payızın son günləri idi. Səhərdən yağış çisələyirdi. Sevda həyətin küncündəki gülləri sulayırmış kimi dayanmışdı. Əslində isə fikri çox uzaqlarda idi. Qapı döyüldü. Bu, adi bir hadisə idi. Kənd yerində qapı hər gün döyülərdi. Amma nədənsə həmin gün Sevdanın ürəyi qəfil sıxıldı. Qapını açanda qarşısında tanımadığı bir kişi gördü. Təxminən əlli yaşlarında olardı. Saçlarına dən düşmüşdü. Gözlərində qəribə bir yorğunluq vardı.
— Siz Sevda xanımsınız?
— Bəli.
Kişi bir neçə saniyə susdu.
Sonra köhnə dəri çantasını açıb saralmış bir zərf çıxardı.
— Mən bunu sizə çatdırmaq üçün gəlmişəm.
Sevda təəccüblə zərfə baxdı. Üzərində köhnə xəttlə yazılmış iki söz vardı:
“Sevdama çatdırılsın.” Sevdanın dizləri əsdi. Bu yazını tanımamaq mümkün deyildi. Bu, Mehmanın xətti idi. Otuz iki il əvvəl saysız-hesabsız məktublarda gördüyü xətt… Əlləri titrəyə-titrəyə zərfi aldı.
— Bu… haradandır?
Kişi dərindən nəfəs aldı.
— Mən də bu sualın cavabını uzun illər axtarmışam.
Sonra asta səslə danışmağa başladı.
1993-cü ildə ağır döyüşlərin birində Mehmanla birlikdə mühasirəyə düşmüşdük. Bir neçə döyüşçü yaralı halda əsir götürülmüşdü. O zaman yaranmış qarışıqlıqda onların taleyi barədə dəqiq məlumat əldə etmək mümkün olmamışdı.
— Mehman bir neçə gün mənimlə birlikdə olmuşdu. Sonra bizi ayırdılar.
Sevda nəfəsini belə dərmədən dinləyirdi.
— Ayrılarkən bu məktubu mənə verdi. Dedi ki, əgər nə vaxtsa qurtula bilsən, bunu Sevdaya çatdır.
Kişinin gözləri dolmuşdu.
— Mən illər sonra vətənə qayıda bildim. Amma nə məktubu tapa bilirdim, nə də özümü. Hər şeyimi itirmişdim. Bir neçə ay əvvəl köhnə əşyalarımın arasında bu zərfi yenidən tapdım.
Sevda artıq göz yaşlarını saxlaya bilmirdi. Otuz iki il gecikmiş bir məktub… Bir ömür qədər uzun yol gəlmiş bir məktub…Əlləri əsə-əsə zərfi açdı. Kağız köhnəlmişdi.Amma yazılar hələ də oxunurdu.
“Əziz Sevdam…Bu məktub sənə çatacaqmı, bilmirəm. Mən sağam. Amma sabahımın necə olacağını bilmirəm. Əgər qayıda bilməsəm, bil ki, səni sevmədən keçən bir günüm olmayıb. Mənim üçün ağlama. Məni gözləmə. Həyatını yaşa. Çünki mən səni xoşbəxt görmək istəyirəm. Əgər bir gün qızımız olsaydı, saçlarını sənin kimi hörərdim. Əgər oğlumuz olsaydı, ona dürüst olmağı öyrədərdim. Qismət olmadı. Amma sevgimiz mənimlə birlikdə ölməyəcək. Səni Allahın ümidinə buraxıram. Sənin Mehmanın.”
Məktubun son sətrinə çatanda Sevda artıq hönkürərək ağlayırdı. Bəlkə də ilk dəfə idi ki, Mehmanın yoxluğuna deyil, var olmuş sevgisinə ağlayırdı. Otuz iki il boyunca gözlədiyi adam geri qayıtmamışdı. Amma onun səsi qayıtmışdı. Onun ürəyi qayıtmışdı. Onun sevgisi qayıtmışdı.
Və Sevda ilk dəfə hiss etdi ki, bəzi insanlar ölsələr də, sevgiləri heç vaxt torpağa qarışmır…
Ardı var..