Sizə dönük çıxdı uğursuz illər
Gəzdi ürəkləri nakam adınız.
Ay otuz yaşında ölən şairlər
Kəpənək ömrünü yaşamadınız.
Polad çiyninizə dünya qalandı
Dözdünüz ömür-gün əzabına siz.
Gülləyə gəldiniz vətən yolunda
Ya nadan şahların qəzəbinə siz.
Döyəcək fikrini elə duman, çən
Bu, ağrı qəlbimdə dağ olacaqdır.
Otuz yaşlarında dünyadan köçən
Hələ neçə şair doğulacaqdır.
Sizi yaşatmağa heykəllik daşam,
Gözümün yaşını silən deyiləm
Heyif! Otuz birə adlayıb yaşım,
Otuz yaşında da ölən deyiləm!..
Moskva, 1980.