577

AXTARIR

Dənizə atılan daşa dönmüşəm,
Bir ömür axtarsan tapa bilməzsən.
Tapsan da sən məni neynəyəcəksən?
Mən özüm-özümü tapa bilmirəm.
Dilim qıfıl vurub lal hisslərimə
Bir “açar” sözünü tapa bilmirəm.
Tapsan da sən məni neynəyəcəksən?
Dili lal,
Gözü kor,
Ağılı dəm-dəm.
Söylə beləsini neynəyəcəksən?
Dərddən manqurtlaşıb,
Xəyalı hərdəm.
Elə hey itirir,
Axtarır hərdən.
O nəyi axtarır, niyə axtarır?
O kimi axtarır, nədən axtarır?
Əbədi dünyaya gedən axtarır
Bir tabut salamı göndərmək üçün.
Söylə beləsini neynəyəcəksən?
Yerin göbəyini tapıb kəsəcək,
Vaxtsız anasından ayırmaq üçün.
Qarınqulu olub ürək yeyəcək,
Ürəyinin dərdi azdı deyəsən
Dərdinin qarnını doyurmaq üçün.
O ki dərdlərinin yurd anasıdı,
İstəməz balası acından ölə.
Axtarır, axtarır,
O dərd axtarır,
Dərdinin qarnını doyurmaq üçün.
Söylə beləsini neynəyəcəksən?
O ki sevincini yellərə verib.
Bəzəkli-düzəkli dərdi axtarır,
Dərdinin gözünü doyurmaq üçün.

15.01.2015

BOĞULURAM

Aman Allah boğuluram,
Hər kəsə həyat verən, bu hava boğur məni.
Gündə min kəs boğulub,
Gündə min yol ölürəm.
Fani dünya qəsdinə analar doğur məni.
Saçımdan dəstə-dəstə
Yolub, kəndir hörürəm.
Salıram boğazıma
Ayaq yerdən üzülür, havada boğur məni.
Qəmim yaman çoxalıb,
Yığılıb üst-üstünə.
Toz basıb ürəyimi
Tozunu yumaq üçün buludlar yağır məni.
İçimdəki ocağın tüstüsü boğur məni.
Hər gün bir az boğulub, ölümə uçunuram.
Cəhənnəm yolundayam, yolumdan çağır məni.
Sevincin teştinə sal, bir azca yoğur məni.

01.11.2014