577

YAĞIŞ YAĞIR ÜSTÜMƏ

Yağış yağır üstümə,
Bu yağan yağışdımı?
Bəlkə günahlarımdı
Səmadan axıb gəlir.
Bəlkə, bəlkə…
Edəcəyim günahı
Əvvəlcədən görüb o,
Yumaq üçün tələsir.
Bu yağan yağışdımı?
Gözyaşımdı deyəsən.
Bir zaman buxar olub
Çəkilmişdi göylərə.
Göz yaşı axıtdığım
O dərdli günlərimi
Xatırlatmağa gəlir.
Damcısını döndərib,
Kiçik köz parçasına
Qığılcıma bənd olan
Mənim heysiz cismimi
Alovlatmağa gəlir.
Yağış yağır üstümə
Hər damlası dəlib keçir bədənimi.
Güllələnən adam kimi
Çırpınıram, can verirəm.
Canı mənə Tanrı verib,
Mən yağışa Can verirəm.

10.08.2014

AYAĞIM BAŞIMI

Bilmirəm hardayam, hara gedirəm,
Ayağım başımı çəkib aparır.
Yollar ərşə çıxır ayağım altdan
Bir ucu göylərə çəkilib gedir.
Biri də cismimdən oğurluq edib,
Canımı ağzımdan dartıb çıxarır.
Yollar uzandıqca ömür qısalır,
Uzanan yolların yolunu kəsək.
Hərdən ilan olub çalır bu yollar,
Amansız yolların qolunu kəsək.
Əyrilir, qıvrılır, sürünüb gedir,
Əyrilər yolçusu olur bu yolun.
Əyilən yolların yolunu kəsək.
Bilmirəm hardayam, hara gedirəm,
Ayağım başımı çəkib aparır.
Bir sual yaranır beynimdə bu an,
Başım bədənimi aparmalıykən
Ayağım başımı çəkib aparır.

07.07.2014