GÖZƏLİM
Sən o qədər gözəlsən ki… Vətənim!
Vicdanımın aynasına rəsmin çəkmək istəyirəm.
Gözəlliyin ağır oldu,
Beli sındı fırçamın.
Heyranlıqdan kilidlənib,
Əli sındı fırçamın.
Kipriyimi fırça edib,rəsmin onunla cızaram.
Bir az qanımdan süzərəm,
Bir də göz yaşı qataram.
Kipriyimlə “qanyaş” adlı
Mənə məxsus bu boyayla
Dərdlərindən cadarlanmış
Parçalanmış ürəyimə sənin adını yazaram.
Sən o qədər gözəlsən ki…
Vicdanımın aynasına ilmə-ilmə hörüm səni.
Gözümün üstündə dayan,
Gözlərimin qapağı ol,
Həm görməyim, görüm səni.
Mənə saray lazım deyil.
Torpağından kərpic kəsim,
Həyatımın divarına hörüm səni.
Sən o qədər gözəlsən ki…
Vicdanımın aynasına səni çəkmək istəyirəm.
Qorxuram ki çat-çat olub
Tökülər ayağım altda.
Yumaq olar vicdanim,
Bükülər ayağım altda.
O rəsmini çəkmək üçün,
Həm səndən utanıram, həm də yaman qorxuram.
13.10.2014
TƏRS DÖNƏCƏK BU DÜNYA
Çevirəcəm oxunu,
Tərs dönəcək bu dünya.
Enişdən başlayacaq çaylarının axarı,
Yoxuşa töküləcək.
İnsan qoca doğulub,
Körpələşib öləcək.
Məzlumu tapdalayan,
Şux olan qamətin də
Ahımdan büküləcək.
Lazımsız kağız kimi
Səni ovub bükəcəm.
Ovcumun içi boyda
Olacaqsan a dünya,
Oynadacam əlimdə
Səni oyuncaq kimi.
Balaca top eyləyib,
Atıb-tutacam səni.
Məni illər uzunu
Atıb- tutduğun kimi.
Bəzən də atıb məni,
Tutmağı unudurdun.
Elə möhkəm dəyirdim
Yerlərin göy üzünə.
İndi atıram səni,
Yalvar,yıxıl dizimə!!!
15.07.2014
İBADƏT
Əl açıb köməyi SƏN-dən istədim,
Uzandı qollarım göylərə sarı.
Beləcə il ötdü, ay keçdi, günlər yetişdi.
Yalvardım dərdimi gəl eylə yarı.
Nə əlac eylədin kor dərdlərimə?
Üstəlik belimə duz yükü vurdun.
Göz dağı eylədin həyatı mənə
Dağların gözünü mükafat kimi
Dərdimin üstünə hədiyyə qoydun.
Sənin istədiyin ibadət bumu?
Zəncirsiz, kəndirsiz çarmıx oyunu…
Burax mənim əllərimi!!!
Onlar pisliklərə alət olmadı.
Daha qaldırmaram onları sənə,
Əlsiz as, qolsuz as göyündən məni.
Sən ki, yol taparsan məni asmağa,
Sıyır bədənimdən damarlarımı,
Bağla bir-birinə lap ucundan as.
Saçımdan bir tel ayır,
Lap onun ucundan as.
Bilirəm heç səndə insaf qalmadı.
07.12.2014