Heç…
Balıq kimi dəryalarda üzdün xoş,
Qurbağa tək bataqlığa batdın, heç.
Qarışqa tək zəhmət çəkdin, afərin!
Ayı olub qış uzunu yatdın, heç.
Əhdə vəfa oldun sənə, min əhsən,
Doğru izə düşdün yenə, min əhsən,
Saf vicdana dönə-dönə, min əhsən.
Halalına haram tikə qatdın, heç.
Əmanəti pak qorudun, yüz yaşa,
Tez qırılar ümid toxunsa daşa.
Doğru sözü söyləməyib birbaşa,
Nifaq üçün ortalığa atdın, heç.
Ürək olar hər duyğunun məkanı,
Etmə onu ucuz mallar dükanı,
Gül yerinə dəstələyib tikanı,
Kor aşiqə bilə-bilə satdın, heç.
Vicdanını rahatladın, nə gözəl,
Yaşıl yarpaq olmur can verən xəzəl,
İmkan varkən tövbələr elə, düzəl,
Yol qurtarıb son mənzilə çatdın, heç
* * *
Əsgər məktubundan təsirlənib cızma-qara etdim. Şəhidlər rəhmətə qovuşanlardır.
Neyləsəm dayanmır gözümün yaşı,
Şəhid olanların ruhuna xatir.
Neçə üzüklərin qırıldı qaşı,
Neçə əl boş qalıb titrəyir tir-tir.
Gör neçə arzular qaldı ürəkdə,
Gör neçə körpənin güvənci getdi.
Gör neçə atanın oğul balası,
Getdi, gəlinləri qəmə qərq etdi.
Gizlincə sevgilər yarıyuxulu,
Oyana bilmədi, əbədi susdu.
Vətənin yolunda tərəddüd olmaz,
Şəhidlər bilir ki , Vətən namusdu.