* * *
Son damla qanımız tökülsə belə,
Azəri canında dözüm olacaq.
Bunu bilməlidir dünyada hər kəs.
Qarabağ bizimdir, bizim olacaq.
Bülbülü xar oldu bəs etdi, artıq.
Düşmən həddi aşdı, pis etdi artıq.
Mərmilər, güllələr səs etdi artıq.
Qarabağ bizimdir, bizim olacaq.
Namərdi qovmağa gücümüz çatar,
Düşmənin gəmisi dəryada batar.
Haqq işə Yaradan ən üstün tutar.
Qarabağ bizimdir, bizim olacaq!
* * *
İgid əsgər, al əlinə silahını.
Yadına sal Xocalını.
Əsir düşən gəlinlərin ahlarını
duymayana rəhm eləmə.
Göz açmamış süngülərdə qan ağlayan körpələri.
Açılmamış solan o tər qönçələri.
Sevə-sevə bəslənilən gənc qızların
Mənfur düşmən tərəfindən ləkələnimiş namusları.
Balasını sinəsində sıxıb boğan anaları yeriməyə qoymayana rəhm eləmə.
Yetim qalan boynubükük fidanların gözünə bax.
Yurd deyəndə ürəyində ocaq yanır, közünə bax.
Şad xəbərlə geri qayıt, cəsarətlə üzünə bax.
Tifillərin göz yaşından
doymayana rəhm eləmə.