tm

BİZ SƏNİN ƏLİNİ ÖPÜRÜK, ANA!

Nəğmələr söylədin, laylalar ötdün,
Gecələr yatmadın, oğul böyütdün.
Sən ona örnəkdin, ona öyüddün,
Oğlun şəhid oldu, bayrağı öpdün,
Biz sənin əlini öpürük, ana!

Oğul itkisindən yansa da canın,
Ağrıdan, acıdan donsa da qanın,
Eşidən olmadı ahın, amanın,
Sən ey mərd anası dövrün, zamanın .
Biz sənin əlini öpürük, ana !

Durduğun torpağı vətən eylədin,
Qoru bu torpağı, oğul, söylədin.
Oğlun da qorudu, rəşadət etdi,
Vətəni uğrunda şəhadət etdi.
Biz sənin əlini öpürük, ana!

Bir oğlun getdisə yüzləri durur,
Bu eli, bu yurdu igidlər qorur,
Qəlbləri vətənlə, anayla vurur,
Simanla bir olsun əzəmət, qürur!
Biz sənin əlini öpürük, ana!

03. 04. 2016