“Dağ çiçəkləri” ədəbi məclisi və “İsmayıllı yazarları” və “Ağsu şairləri” İctimai birliyinin üzvü
Ay Allah!
Qara kölgəsini cismimə salıb,
Yaman naxoşlayıb ruhum Ay Allah!
Adam düşündükcə belə, mat qalır,
Ərşə çəkilibdir yuxum Ay Allah!
Bu hansı ruzigardır əsib ruhuma,
Şeytan fitnə-fəsad kəsib ruhuma,
Elə bil əli ilə əzib ruhuma,
Səpib istiotdan toxum Ay Allah!
Bilirəm bu cığır zülmətə gedir,
Məşəqqətə, ağır zillətə gedir.
Şairlər öləndə cənnətə gedir,
Mən niyə kənardan baxım, Ay Allah!
Nə olar sən məni öz yoluna çək,
Yoxsa qalacağam tamam tənha, tək.
Cismim yaşayacaq, ruhum öləcək,
Budur ən dəhşətli qorxum, Ay Allah!
Mirfazil ağa
Bir adın altında min ad yaşayır,
Cəsarət yaşayır, cihad yaşayır.
Şerə qanad verir, rahat yaşayır
Ehtiyac duymayır tərif olmağa
Tarixi natiqdir Mirfazil Ağa.
Küləklər səsini yayıb ölkəyə,
Dəvət alır hər şəhərə, bölgəyə.
Şükür olsun Haqdan gələn vergiyə,
Çəkmək olmaz onu sözlə sınağa
Tarixi natiqdir Mirfazil Ağa.
Söz-sənət dünyası başqa bir aləm,
Düşüncəsi çox humanist möhtəşəm.
Övlüyadır, Haqq eşqindən deyil kəm ,
Xeyir dua verir neçə ocağa,
Tarixi natiqdir Mirfazil Ağa.
Telli saz
Üç min illik dədəm Qorqud yadigarı,
Üz tuturuq yavaş-yavaş ona sarı.
Ozanların sarı simçün yazdıqları
Başqa bir ürəkdir, başqa bir avaz,
Söz məqamı, söz dəmidir Telli Saz
Ruhumuzun məlhəmidir Telli Saz.
O Qopuzun bir budağı, balasıdır,
Nə qədər ki, dünya durur qalasıdır.
Söz divarlı mədəniyyət qalasıdır,
Möhtəşəm qalanı uçurmaq olmaz,
Muğamın ilk aləmidir Telli Saz
Ruhumuzun məlhəmidir Telli Saz.
Haqq eşqiylə yananların arxası,
“Qara donlu kafirlər”in qorxusu
Hər simindən gəlir tarix qoxusu,
Dəhşətimdir, sitəmimdir, Telli Saz,
Ruhumuzun məlhəmidir Telli Saz.
Mizrabında möcüzələr bəslədi,
İnsanları cəsarətə səslədi.
Bu İlahi sevgi deyil bəs nədir?
Min İllərlə səslənsə də yorulmaz,
Əzəldən ruh aləmidir Telli Saz,
Ruhumuzun məlhəmidir Telli Saz.