Doğulduq, yaşadıq, dərk elədik ki,
Dünya özümüzük, fələk özümüz,
Torpağa, havaya ərk elədik ki,
Yenidən dünyaya gələk özümüz.
Analar doğmayıb taleyimizi,
Tale anaları doğub bizimçün.
Alıb dərdimizi, gileyimizi,
Sevinci bal kimi yığıb bizimçün.
Olan olacağın yol göstərəni,
Gələcək zamandır arzular hələ.
Yalan becərəni, yalan dərəni,
Təmizə çəkəcək çox sular hələ.
Dünyada hər şey var, tapılar haqq da,
Həqiqət axtaran naşı olmasa.
Bəlkə də saflaşa bilməzdi insan,
Gözünün dupduru yaşı olmasa.
Ürək duyğuların düyüncəsidir,
Bir ömrə sığışıb boşala bilməz.
İnsan kainatın düşüncəsidir,
Torpağa qarışıb daş ola bilməz.
Doğulduq, yaşadıq dərk elədik ki,
Dünya özümüzük, fələk özümüz.
Torpağa, havaya ərk elədik ki,
Yenidən dünyaya gələk özümüz.