Azərbaycan Dövlət Aqrar Universitetində tədrisin maddi-texniki bazasını gücləndirmək, ən müasir tədris şəraitinə nail olmaq, praktiki dərslərin tədrisinə diqqəti artırmaq, tələbələrin sosial-məişət şəraitinin yaxşılaşdırmaqla yanaşı, məzunların işlə təminatı əsas hədəf kimi qarşıya qoyulub. Son illərdə universitetdə yeni istifadəyə verilən obyektlər, yaradılan elmi-tədqiqat və tədris mərkəzləri, alınan avadanlıqlar, bütövlükdə, tədris prosesinin müasir səviyyədə qurulması üçün yaradılan şəraitlər kadr hazırlığının səviyyəsinə öz müsbət təsirini göstərməkdədir. 17 fevral 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Dövlət Aqrar Universitetinin müasir tipli tələbə yataqxanasının açılışında iştirak etməsi qeyd olunanların bariz nümunəsidir. Tələbələrimizə böyük hədiyyə olan kompleks dörd korpuslu yeddimərtəbəli, bir korpusu isə altımərtəbəli binalardan ibarətdir.
ADAU-nun mətbuat xidmətinin rəhbəri Qalib Rəhimli bildirib ki, hazırda universitetin məzunların əmək bazarında uğurlu karyerası əsas meyar kimi qəbul edilir. Bunu nəzərə alaraq, universiteti bitirən məzunların əmək bazarında hərəkətinin koordinasiyası məqsədilə facebook sosial şəbəkəsində “ADAU Məzunları” adlı qrup və məzun bazası yaradılıb.
Məzunların işlə təminatında universitetdə keçirilən ənənəvi məzun yarmarkaları da mühüm əhəmiyyət daşıyır. Bunu nəzərə alaraq universitetdə növbəti, 8-ci “Məzun 2016” yarmarkası keçirilib. Tədbirdə 130-a yaxın muəssisə və təşkilat iştirak edib. Respublikanın 36 rayonunda yerləşən bu qurumlardan 700 dən çox vakant iş yerləri məzunlara təklif olunub. Məlumat üçün bildiririk ki, bu il universitetdən 1198 tələbənin məzun olacağı nəzərdə tutulub.
Məzun yarmarkasında Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, ADAU-nun rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, şirkət və fermer təsərrüfatlarının rəhbərləri, məzun və hazırda oxuyan tələbələr çıxış edib, aqrar sahəyə dövlət qayğısından, bu möhtəşəm tədbirin əhəmiyyətindən, təhsil müəssisəsində yaradılan şəraitdən danışıblar, məzunlara uğur arzulayıblar.
Yarmarkada Qrand Motors MMC, Səba ASC, Qarabağ Taxıl ASC, Biləsuvar Süd MMC, Süsən Aqro MMC, Azərtoxum, Aqro Dairy MMC, BMS Aqro MMC, Azərsun Holdinq, Nurgün Aqro MMC, Kürdəxanı Şitil MMC, Millia, Greentech, Bilrlik MMC, Vətən AZ, AzRus Dostluq, Hacıqabul Quşçuluq, Bozdağ Heyvandarlıq Kompleksi, Qəbələ “Jalə” Konserv Zavodu, Bərdə Yağ-Pendir və digər şirkətlər iştirak ediblər.
Yarmarkada iştirak edənlər, eyni zamanda, universitetdə yaradılan maddi-texniki baza, o cümlədən yeni tələbə yataqxanası, quşçuluq tədris mərkəzi, bildirçin yetişdirilməsi üzrə tədris təcrübə təsərrüfatı, qapalı və açıq balıqyetişdirmə laboratoriyası, quraşdılrılmaqda olan müasir istixana kompleksi, təmiri yekunlaşan mühəndislik korpusu və digər obyektlərlə yaxından tanış olublar.

Qalib Rəhimli,
Azərbaycan Dövlət Aqrar Universitetinin Mətbuat Xidmətinin rəhbəri